www.science.az
17.01.2014 00:00

Alternativ enerji mənbəyi olan molekulyar hidrogenin alınması istiqamətində tədqiqatlar aparılır

Son illər su və karbohidrogen sistemlərində dioksid sirkonium, alüminium oksid katalizatorlarının iştirakı ilə radiasiyanın təsiri altında molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılır. Tədqiqatlar AMEA Radiasiya Problemləri İnstitutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyası ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kinetika və Kataliz İnstitutu, Kurçatov adına Milli Tədqiqat Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Teymur Ağayev bildirib ki, su, metan, heksan və bu kimyəvi birləşmələrin su ilə qarışığında yaranan sistemlərin katalizatorun səthinə adsorbsiya edilmiş halda qamma şüalanması nəticəsində molekulyar hidrogenin və karbohidrogenlərin çıxımı homogen sistemə nisbətən xeyli artmasına səbəb olur. Bu hadisə isə katalizatordan əlavə enerjinin metan və heksanın su ilə sintezindən alınan sistemə ötürülməsi nəticəsində baş verir. Bundan əlavə radiasiya kimyəvi proseslər zamanı bu sistemlərdə hidrogenin çıxımının temperaturdan asılılığı tədqiq olunub və müəyyən edilib ki, temperaturun artması reaksiya məhsullarının miqdarının artmasına gətirir və 4000 C temperaturda isə artıq proses zəncirvari hal alır.

Alınmış nəticələr əsasında ilk dəfə olaraq sözügedən sistemlərin radiolizinin riyazi modelləşməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.