Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda söz və mətbuat azadlığına dəyərli töhfə
25.05.2016 09:06
  • A-
  • A
  • A+

Azərbaycanda söz və mətbuat azadlığına dəyərli töhfə

“Sivilizasiyaların bir-birini əvəz etdiyi, informasiya cəmiyyətinin təşəkkül tapdığı, jurnalistikanın sərhəd tanımadığı müasir dövrdə insan azadlığı problemi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bunlar informasiya sahəsində azadlıq probleminin öyrənilməsində yeni yanaşmanın formalaşmasına təkan verən amillərdəndir. İnformasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda daha fəal iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyil”. Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin yenicə çapdan çıxmış “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyasının girişində öz əksini tapmışdır.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur. Bu əsəri yalnız tələbələr, doktorantlar, pedaqoji ictimaiyyət üçün deyil, jurnalistika ilə məşğul olan insanlar, eləcə də bu sahə ilə maraqlanan hər kəs, bir sözlə, ictimaiyyət üçün mötəbər mənbə kimi dəyərləndirmək olar.

Üç fəsildən, 9 paraqrafdan ibarət olan monoqrafiyada müəllif KİV-in bir təsisat kimi cəmiyyət həyatında rolunun prinsipial əhəmiyyət daşıdığını və ictimai inkişafa müsbət təsir göstərən amillər sırasında özünəməxsus yeri və çəkisi olduğunu, eləcə də Azərbaycanda söz və mətbuat azadlığına dövlət təminatının mövcudluğunu göstərir. Mətbuatımızın inkişaf tarixini araşdıran alim qeyd edir ki, Azərbaycan mətbuatı tarix boyu mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqın istəklərinin reallaşmasına öz töhfəsini vermiş, müstəqillik mübarizəsinin güclənməsində, milli mənəvi dəyərlərin zənginləşməsində, milli özünüdərkin, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır.

Müasir Azərbaycanda medianın inkişaf istiqamətlərini, xüsusiyyətlərini, bu sahədə həyata keçirilən islahatların mahiyyətini və real nəticələrini açıqlayan Vüqar Rəhimzadə ölkədə azad medianın, fikir və söz azadlığının, plüralizmin hakim olmasına gətirib çıxaran siyasəti də mərhələlər üzrə təhlil edib. Qeyd edib ki, media söz azadlığının tam həyata keçirilməsini təmin edir və Azərbaycanda demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi. 

Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə ulu öndər jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib.

Əvvəllər yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı.

Monoqrafiyada xüsusi olaraq qeyd edilir ki, bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sektorunda da əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasət, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar müasir dövrün reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün respublikada söz və mətbuat azadlığı sahəsində mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə hər cür hüquqi imkan yaradılıb. 

Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbulu, mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına olan borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, KİV nümayəndələrinin dövlətin ali mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birdəfəlik maliyyə yardımının göstərilməsi və s. ənənə halını almış diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş və şəffaflaşdırmışdır. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin aprelində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-in maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Söz və mətbuat azadlığı Azərbaycan Respublikası qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub.

Müəllifin toxunduğu çoxsaylı mövzular arasında söz azadlığına siyasi-hüquqi yanaşma da var. Vüqar Rəhimzadə yazır ki, müasir sivilizasiyanın sürətli inkişafı şəraitində şəxsiyyətin cəmiyyətdəki rolu daha əhəmiyyətli olur və bununla əlaqədar şəxsiyyətin cəmiyyət qarşısında azadlıq və məsuliyyət problemləri ortaya çıxır.

Yeni mediada söz azadlığının realizə edilməsini, internetdə ifadə azadlığı problemini araşdıran müəllif bildirir ki, cəmiyyətin informasiyaya olan tələbatı informasiyalaşdırılmış cəmiyyətdə daha dinamik hal alır və qlobal informasiya şəbəkəsi məkanında milyonlarla insan yaradıcı imkanları sayəsində beynəlxalq səviyyədə öz fikir və ideyalarını azad ifadə edə bilir.

Monoqrafiya böyük bir dövrü əhatə etməklə yanaşı, mövzu baxımından da zəngin və cəlbedicidir. Biz bunu medianın informasiya cəmiyyəti dövründə rolunun və əhəmiyyətinin araşdırılmasında da görürük. Müəllif bildirir ki, müasir demokratik cəmiyyət yeni qlobal ictimai-sosial transformasiya nəticəsində meydana gələn informasiya cəmiyyətidir. Burada hər bir vətəndaşın rifahının əsas şərti informasiyanı maneəsiz əldə etmək və onunla işləmək bacarığıdır. İnformasiya mübadiləsi nə vaxt, nə yer, nə də siyasi sərhədlər tanıyır. Odur ki, informasiya cəmiyyətdə əsas strateji resursa çevrilir və dövlətlərdə siyasi proseslərin informasiya axınlarının məzmunundan asılılığının güclənməsi daim KİV-in təkmilləşməsi fonunda baş verir. İnternetin meydana gəlməsi və təbliği bir çox müasir dövlətlərin sosioloji-mədəni və ideoloji əsaslarının transformasiyası ilə nəticələnmişdir. İndi asan informasiya mübadiləsi sayəsində cəmiyyət düşüncə, mədəniyyət və davranış tərzinə alternativ çıxış əldə edə bilir.

İnternet artıq məlumat mübadiləsi üçün rəqəmsal şəbəkə olmasını dayandıraraq kütləvi mədəniyyət elementinə, qloballaşma tərəfdarlarının şəksiz arqumentlərinə, informasiya cəmiyyətinin rəmzinə, siyasi, mədəni və iqtisadi həyat hadisələri ilə bağlı mütləq azadlığın, fikir mübadiləsinin və özünüifadənin distant reallaşma vasitəsinə çevrilib. İnternet vasitəsilə ifadə azadlığı prinsipləri əsasında müxtəlif xalqlar dövlət ətrafında demokratikləşmə proseslərində hakimiyyətə nəzarət üçün yeni perspektivlər qazanırlar. Məlumdur ki, informasiya sahəsi onun infrastrukturu, toplanılması, formalaşdırılması, yayılması və istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə ehtiva edir. Eyni zamanda monoqrafiyada internetdə söz azadlığının təsirlərə məruz qalması, əhalinin şüurunda bir manipulyasiya alətinə, eləcə də mənfəət əldəetmə vasitəsinə çevrilərsə, bu zaman baş verəcək informasiya müharibələrinin qarşısının alınmasında “nə etməli” sualına cavab tapılması üçün müvafiq istiqamətlər təhlil edilir.

Vüqar Rəhimzadə tərəfindən monoqrafiyada aparılmış təhlillərin ümumiləşdirilmiş qənaəti belə olub ki, müasir mətbuat ənənələri Azərbaycan şəraitinə uğurla tətbiq olunaraq, yeni ictimai-siyasi, sosial-iqtisadi idarəçilik sistemlərinin məqsədəmüvafiq şəkildə tətbiqinə nail olunub. Siyasi müstəvinin demokratik dəyərlər üzərində təşəkkül tapması üçün mətbuat tərəfindən zəruri addımlar atılıb. Ümumi qəbul olunmuş dəyərlərin Azərbaycan cəmiyyətində dayanıqlı status alması üçün cəmiyyət həyatının bütün sferalarında mətbuatın maarifləndirici təşəbbüsləri tanıtmaq funksiyasına nail olunub. Bütün bunlar ölkə həyatında canlanma yaradaraq, insanların inam hissinin bərpa edilməsini həyata keçirən quruculuq işlərinə təkan verib, ümumi inkişafa müsbət sirayət edib. Eyni zamanda beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq, beynəlxalq təcrübənin milli xüsusiyyətlərə uyğunlaşdırılması ilə bağlı təbliğat ölkənin demokratikləşməsində mütərəqqi rol oynayıb. Azərbaycan Respublikasında bu istiqamətdə atılan addımların kompleks şəkildə olması, ümumi inkişaf strategiyasına tabe etdirilməsi təmin edilib. Həmçinin bildirilir ki, müasir dövrdə Azərbaycanda mətbuat vasitələrinin siyasi plüralizmin təminində mühüm rolu onların ictimai həyatdakı proseslərin humanistləşməsindəki yerini daha da əhəmiyyətli edir. Bu, onunla bağlıdır ki, mətbuat vasitələrinin yalnız siyasi sistemin deyil, bütövlükdə ictimai sistemin inkişafında rolu getdikcə artmaqdadır. Bu, nəzərə alınaraq mətbuat vasitələrinin ümumdemokratik prosesin təşəkkülündəki mühüm rolu nəzərdən keçirilib.

Təhlillərin nəticəsi kimi qeyd etmək olar ki, müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. KİV ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır.

Yekun olaraq qeyd etmək lazımdır ki, azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyətinin tarixi və müasir inkişaf kontekstində təhlili təqdirəlayiqdir. Eyni zamanda bu gün demokratik Azərbaycanda mətbuatın inkişafının və nailiyyətlərinin nəzəri və təcrübi kontekstdə tədqiqi, elmi araşdırmaların predmetinə çevrilməsi sevindirici haldır. Bu baxımdan Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyası Azərbaycanda söz və mətbuat azadlığına bir töhfə kimi dəyərləndirilir.

İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 25 may 2016-cı il

  • Paylaş: