Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının   tələblərinə uyğun strukturlaşdırılması ilə bağlı “Nizami” layihəsi müzakirə olunub
25.05.2016 16:15
  • A-
  • A
  • A+

Doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması ilə bağlı “Nizami” layihəsi müzakirə olunub

“Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir”. Bu fikirləri AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin bu gün keçirilən iclasında səsləndirib.

Ölkədə təhsil sahəsində aparılan islahatların bakalavriat və magistratura pillələrində əhəmiyyətli nəticələr verdiyini söyləyən akademik R.Əliquliyev beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını qeyd edib. Bildirilib ki, bu istiqamətdə 2015-ci ilin dekabrından etibarən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.

Akademik R.Əliquliyev onu da əlavə edib ki, layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır.

İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb. Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da işçi qrupun yaradılması qərara alınıb. Bundan başqa, Rəyasət Heyəti aparatının müvafiq idarələrinə layihə çərçivəsində beynəlxalq öhdəlik və əsas vəzifələrin həyata keçirilməsi, eləcə də layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması və onun populyarlaşdırılmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: