Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.05.2016 14:31
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin açılışı olub

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin açılışı olub

Mayın 26-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olub.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı bölmə barədə ətraflı məlumat verib. Bildirib ki, bölmədə müsəlman Şərqində ilk demokratik respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsrin əvvəllərində azadlıq və demokratiya kimi ümumbəşəri anlayışların beynəlxalq aləmdə hələ yeni-yeni təşəkkül tapmağa başladığı vaxtda Azərbaycanda artıq demokratik respublikanın qurulmasını yüksək qiymətləndirib, xalqımızın müstəqil dövlətçiliyini yenidən bərpa etməsinin və keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu bildirib. O, 1918-1920-ci illərdə baş verən hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni tərtibatda açılmasını yüksək dəyərləndirib.

Tarix elmləri doktoru Solmaz Rüstəmova- Tohidi öz çıxışında 98 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, qısa, lakin şərəfli yol keçmiş bu müstəqil dövlətin xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirib. O, Respublika Günü ərəfəsində ekspozisiyanın açılışını təqdirəlayiq hal kimi qiymətləndirib. 

Daha sonra qonaqlar yeni qurulmuş ekspozisiya ilə tanış olublar.

Bölmə “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti” adlı iki otaqdan ibarətdir.

Birinci otaqda müstəqilliyin elan edilməsi, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti hökumətinin Gəncə dövründə fəaliyyəti əks olunub.

İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və hökumətinin fəaliyyəti, 1918-1920-ci illərin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əksini tapıb.

Burada nümayiş olunan 150-ə yaxın tarixi eksponatlar sırasında Azərbaycanın İstiqlal Bəyannanməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı qonaqların böyük marağına səbəb olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: