Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Asəf Hacıyevin 65 yaşı tamam olur
27.05.2016 17:17
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyevin 65 yaşı tamam olur

Mayın 29-da tanınmış riyaziyyatçı alim, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya  müdiri, akademik Asəf Hacıyevin 65 yaşı tamam olur.

Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, 1979-cu ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2003-cü ildə professor elmi adını almışdır.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Alim ilk əmək fəaliyyətinə 1979-cü ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) başlamış, kiçik elmi işçi, böyük elmi işçi, sektor rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həmin institutda laboratoriya rəhbəridir. O, həmçinin 2001-ci ildən Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.

Akademikin 1980-ci ildə “Xidmət başlanma anları tsiklik olan kütləvi xidmət sistemi” işi Elm və Texnika sahəsi üzrə Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.

A.Hacıyev tətbiqi riyaziyyat, etimal nəzəriyyəsi, statistika, idarəetmə məsələləri, tətbiqi mexanika sahəsi üzrə mütəxəssisdir. O, 140-a yaxın elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

Alimin rəhbərliyi və məsləhətçiliyi ilə 4 elmlər doktoru və 7 fəlsəfə doktoru hazırlanmışdır.

A.Hacıyev Azərbaycan dilində ilk dəfə hazırlanmış “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası”nın müəlliflərindən biridir.

O, Londonda nəşr olunan “Management Science and Engineering Management” jurnalının baş redaktorunun I müavini, “Applied and Computational Mathematics” jurnalının redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Riyaziyyat Problemləri üzrə Elmi Şurasının sədridir.

2004-cü ildə Beynəlxalq Statistik İnstitutunun (Hollandiya) üzvü, 2005-сi ildə Dünya Elmlər Akademiyasının (İtaliya, Triest) üzvü, 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının üzvü, 2011-ci ildə Çinin Çengdu Universitetinin fəxri professoru seçilmişdir.

A.Hacıyev 2006-cı ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti seçilmiş, hazırda bu Assambleyanın prezidentidir.

2011-ci ildə Çinin Makau şəhərində V Beynəlxalq konfransda “Manegement Science and Enjineering menegement” mükafatına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan riyaziyyat elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: