Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərəfli ömür yolu
01.06.2016 09:11
  • A-
  • A
  • A+

Şərəfli ömür yolu

Bu il may ayında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, respublikada səhiyyə işinin böyük təşkilatçılarından biri, gigiyena elminin inkişafında misilsiz rol oynamış tibb elmləri doktoru, professor, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam oldu.

1916-cı il mayın 16-da Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində dünyaya göz açan Vəli Axundov ilk təhsilini kənd məktəbində almışdı. 1929-cu ildə həmin məktəbi bitirib Biləcəri stansiyasındakı fabrik-zavod məktəbinə daxil olmuşdu. 1931-ci ildə sənət məktəbini başa vuraraq təhsilini N.Nərimanov adına Bakı Sənaye Texnikumunda davam etdirmiş və kimyaçı-texnik peşəsinə yiyələnmişdi.

Vəli Axundov hələ gənclik illərindən insanın inkişafında, onun şəxsiyyət kimi formalaşmasında təhsilin rolunu gözəl dərk edirdi. Elə bu səbəbdən ali təhsil almağı qarşısına məqsəd qoymuşdu. O, əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxusa da, sonradan təbabətə olan marağı, gələcək taleyini tibb elminə həsr etmək istəyi onu 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna çəkmişdi. V.Axundovun institutun müalicə-profilaktika fakültəsində təhsil ala-ala İctimai elmlər kafedrasında laborant işləməsi, “Tibb kadrları uğrunda” qəzetinin redaktoru olması, institutun ictimai həyatında yaxından iştirak etdiyi üçün komsomol təşkilatının katibi seçilməsi onun böyük potensiallı, savadlı, bilikli bir gənc olduğunu göstərirdi.

1941-ci ildə ali təhsilini başa vuran Vəli Axundovun həkimlik fəaliyyətinin ilk dövrü 1941-1945-ci illər müharibəsi dövrünə təsadüf etdi. O, 1941-ci ilin iyul ayından 1945-ci ilin avqust ayına qədər Rusiya, Belarusiya, Almaniya və Çexoslovakiya ərazilərində gedən döyüşlərdə yaxından iştirak etmiş, alayın kiçik, sonra böyük həkimi, tibbi bölüyün və atıcı diviziyanın tibb-sanitariya taborunun komandiri olmuşdu.

Müharibənin odlu-alovlu yollarından keçən Vəli Axundov göstərdiyi rəşadətə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdi. Sonralar o, Lenin, II dərəcəli Vətən müharibəsi ordenlərinə və bir çox medallara layiq görülmüşdü.

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Tibb tarixi kafedrasının assistenti kimi işə qəbul olunmuşdu. Daha sonra Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəlmişdi. Vəli Axundov elmi fəaliyyətlə yanaşı, digər sahələrdə də uğurlar əldə edir. Tezliklə o, Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilir və 1949-cu ilədək bu vəzifədə çalışaraq böyük təşkilatçılıq qabiliyyəti olduğunu sübut edir. Vəli Axundov 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə Bakı Vilayəti Səhiyyə Şöbəsinin müdiri, 1953-1954-cü illərdə Azərbaycan KP MK-da İnzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifələrində işləyir.

1954-cü ildə Vəli Axundova Azərbaycan SSR-in səhiyyə naziri kimi məsul vəzifə tapşırılır və o bu vəzifədə dörd il çalışır. Onun diqqət və qayğısı nəticəsində mühüm addımlar atılır, ciddi irəliləyişlər əldə edilir. Xəstəxana və poliklinikalarda maddi-texniki bazanın təkmilləşdirilməsi, o cümlədən təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər tezliklə öz bəhrəsini verir. Ölkədə səhiyyə işçilərinin, tibb alimlərinin birgə səyi nəticəsində kütləvi peyvəndlərin aparılması, sanitariya-gigiyena tədbirlərinin həyata keçirilməsi gözlənilən epidemiyaların, bir sıra ağır yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına zəmin yaradır və Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu illərdə Azərbaycan tibb təhsili sisteminin, tibb elminin müharibədən sonrakı problemlərinin aradan qaldırılmasına və islahatlar aparılmasına diqqət artırılır. Azərbaycanda içməli suyun keyfiyyəti, su təchizatının gigiyenik məsələləri də nazirlik tərəfindən ön plana çəkilir. Görülən işlərin nəticəsi olaraq 1958-ci ildə Vəli Axundovun “Azərbaycan SSR-in su təchizatı mənbələrinin sanitar-gigiyenik xarakteristikası” adlı kitabı işıq üzü görür və əsərdə Azərbaycanın su təchizatı mənbələrini sanitar-gigiyenik cəhətdən səciyyələndirən məsələlər öz elmi həllini tapa bilir. Vəli Axundov respublikada səhiyyənin səmərəsinin artırılması, əhalinin sağlamlığının qorunması istiqamətində əvəzsiz işlər görərək bu sahənin ən bacarıqlı təşkilatçılarından biri olduğunu sübut edir.

Vəli Axundovun səhiyyə naziri işlədiyi dövrdə ana dili ilə bağlı bir məqamı xatırlamamaq mümkün deyil. O, səhiyyə sferasında çalışanlara xəstəlik tarixlərini, ümumiyyətlə, tibb sahəsində yazışmalarını Azərbaycan dilində aparmalarına dair göstəriş vermişdi. Şübhəsiz, bu, ana dilimizin qorunması istiqamətində atılmış addım kimi qiymətləndirilməlidir. Digər tərəfdən, bu, Azərbaycan dilində tibb terminologiyasının formalaşmasında vacib amillərdən idi. Respublikada rus dilinin üstünlük təşkil etdiyi, ana dilinə qarşı hücumların olduğu bir dövrdə Vəli Axundov Azərbaycan dilinin işləkliyinin təmin edilməsini sonralar da diqqətdə saxladı.  Onu narahat edən məqamlardan biri də rus məktəblərində təhsil alan şagirdlərin Azərbaycan dilini könüllü olaraq öyrənməyə təşəbbüs göstərməmələri idi. Vəli Axundov 1959-cu il mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edərkən bu məsələ ilə bağlı öz fikirlərini səsləndirmişdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı, Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi, respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir”. Vəli Axundovun bu çıxışından az sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanun qəbul edir. Bu qanunla rus məktəblərində Azərbaycan dilinin tədrisinin icbari xarakter daşıdığı təsbit olunur.

Vəli Axundovun səhiyyə naziri olarkən mühüm xidmətlərindən biri də öz həyatını dövlət işinə, xalqının rifahına həsr etmiş Nəriman Nərimanovun adının əbədiləşdirilməsi, ona layiqli qiymət verilməsi üçün gördüyü işlər olmuşdur.

1958-ci ildə Vəli Axundov daha məsul vəzifəyə təyin olunur. O, həmin ildə əvvəlcə Azərbaycan KP MK-nın katiblərindən biri seçilmiş, sonra Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuşdu. Bu vəzifədə 1959-cu ilin iyuluna qədər çalışan Vəli Axundov işgüzarlığı, təvazökarlığı, özünə və tabeliyində olanlara yüksək tələbkarlığı ilə böyük nüfuz qazanmışdı. Məhz bu keyfiyyətlərinə görə o, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışmışdı.

Vəli Axundov kifayət qədər ağır bir dövrdə ölkəyə rəhbər təyin olunmuşdu. Ulu öndər həmin dövrü xarakterizə edərkən o illəri nəinki Azərbaycanın, eləcə də SSRİ-nin həyatında çox mürəkkəb bir dövr adlandırırdı: “Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək Sovetlər İttifaqının, o cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr idi. Bu elə bir dövr idi ki, Stalin öləndən sonra Xruşşovun hakimiyyəti dövründə Sovetlər İttifaqının həyatında çoxlu dəyişikliklər gedirdi, cürbəcür tədbirlər aparılırdı... O illər çox ağır, çətin, gərgin dəyişikliklər illəri olub. O vaxt, Xruşşov dövründə bir çox yuxarı dövlət orqanlarında dəyişikliklər gedirdi, Stalin dövründə işləmiş adamlar işdən çıxarılırdı və s. Bundan sonra 1937-38-ci illərin repressiyalarının aşkar olunması, repressiyaya məruz qalmış insanların reabilitasiyası gedirdi”. Ancaq qeyd olunanlara baxmayaraq, Vəli Axundov birinci katib kimi Azərbaycanda sənayenin, kənd təsərrüfatının, elmin və mədəniyyətin bütün sahələrinin hərtərəfli inkişafı üçün xeyli iş görmüşdü.

Vəli Axundov ictimai və dövlət xadimi olmaqla yanaşı, eyni zamanda elm xadimi idi. Hansı vəzifədə çalışmasından asılı olmayaraq, elmlə əlaqələrini kəsmir, öz tədqiqatlarını, eksperimentlərini Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda davam etdirirdi. Qeyd edək ki, Vəli Axundov 1955-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1964-cü ildə isə elmlər doktoru dissertasiyaları müdafiə edib. Görkəmli alim 1969-cu ildə Azərbaycan EA-nın həqiqi üzvü seçildikdən sonra özünü həmişəlik bu sahəyə həsr edir. Belə ki, 1960-cı illərin sonunda alimin səhhətindəki problemlər, eləcə də respublikanın ictimai-siyasi durumu onu istefa ərizəsi yazmağa vadar edir. 1969-cu il iyulun 14-də çağırılan Azərbaycan KP MK-nın plenum iclasında Vəli Axundovun istefası məsələsi müzakirə olunaraq səhhəti və Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilməsi ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi və MK bürosunun üzvü vəzifəsindən azad edilməsi haqqında xahişinin yerinə yetirilməsi qərara alındı.

Vəli Axundov 1969-cu ildən 1972-ci ilə qədər Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. Bu vəzifədə işlədiyi müddətdə o, mütəmadi olaraq elmi institut və təşkilatlara baş çəkir, tədqiqat işlərinin planlaşdırılmasında, yerinə yetirilməsində və nəticələrinin xalq təsərrüfatına tətbiq edilməsində fəallıq göstərir. Onun təşəbbüsü ilə yaşayış yerlərinin bakterial vəziyyəti, kənd yaşayış məntəqələri və neft rayonlarının sanitar vəziyyəti ilə əlaqədar infeksion patologiyaya aid aktual problemlər Azərbaycan EA-nın və Səhiyyə Nazirliyinin müvafiq institutları ilə birgə tədqiq edilir. Ətraf mühit amillərinin qarşılıqlı əlaqəsinin insan orqanizminə təsiri, yoluxucu xəstəliklərə səbəb olan su, torpaq və hava amillərinin təsir qanunauyğunluqlarının tədqiqi bir sıra tövsiyələrin işlənməsinə zəmin yaradır.

O, son dərəcə sadə, səmimi, alicənab, humanist xarakterli insan idi. Akademik Vəli Axundovun sanbalını başa düşmək üçün onunla bir dəfə ünsiyyətdə olmaq kifayət edirdi. Alimin şərəfli ömür yolu, istər ictimai-siyasi və dövlət xadimi kimi, istərsə də bacarıqlı həkim, elm adamı kimi xalqımız üçün gördüyü işlər insanlıq meyarlarına və müqəddəs həkim andına parlaq nümunədir.

Vəli Axundov 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsindən ayrıldıqdan sonra həmin ildən ömrünün son günlərinədək Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdu. İnstitutda çalışdığı müddətdə elmin idarə edilməsinin təkmilləşdirilməsinə böyük diqqət ayırmışdı. Akademikin elmin idarə edilməsinə və səmərəliliyin artırılmasına dair fikirləri “Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda əməyin elmi təşkili” kitabçasında əks olunmuşdu. Vəli Axundov əməyin elmi təşkili kompleksinin işlənib hazırlanması və elmi-tədqiqat institutlarında onun tətbiq edilməsinə görə medala layiq görülmüş, rəhbərlik etdiyi instituta “Yüksək mədəniyyətli müəssisə” adı verilmişdir.

300-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiya və 11 kitabın müəllifi olan akademikin əsərlərinin əsas səciyyəvi cəhəti onların həyatla üzvi vəhdətdə olması, təcrübi səhiyyənin tələblərinə cavab verməsidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə virusologiya, mikrobiologiya və gigiyena elmləri istiqamətində yüksəkixtisaslı kadrlar hazırlanmış, 4 elmlər doktoru və 5 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Vəli Axundovun elmi əsərlərinin çoxu ətraf mühit gigiyenasının müxtəlif məsələlərinə həsr olunmuşdur. Alim kənd yerlərinin gigiyenası və sanitar mühafizəsi, kənd yaşayış məntəqələrinin planlaşdırılması, Azərbaycanın müxtəlif coğrafi iqlim zonalarında əhalinin qidalanması, eləcə də bəzi kənd məntəqələrində tibbi yardımın vəziyyəti, torpağa mineral gübrələrin və pestisidlərin verilməsinə böyük diqqət ayırırdı.

Akademik Vəli Axundovun ictimai təşkilatlarda fəaliyyəti də təqdirəlayiq olub. Alim əhalinin həyatı və sağlamlığını öyrənən Beynəlxalq Assosiasiyanın Sovet Milli  Komitəsinin üzvü, Gigiyenistlərin Ümumittifaq Elmi Cəmiyyətinin fəxri üzvü, Azərbaycan Gigiyenistlər və Sanitariya Həkimləri Elmi Cəmiyyətinin fəxri sədri, Ümumittifaq “Ətraf mühitin gigiyenasının elmi əsasları” problem komissiyasının üzvü olmuş, respublika EA-nın bir sıra problem komissiyalarına seçilmişdir.

1986-cı il avqustun 22-də 70 yaşında Bakı şəhərində vəfat etmiş Vəli Axundov Fəxri xiyabanda dəfn olunmuşdur. O, elmi və ictimai fəaliyyəti ilə xalqımızın yaddaşında silinməz iz qoyaraq bu gün də dərin ehtiramla anılır. Akademikin Azərbaycan tarixində roluna ən obyektiv, dolğun və səmimi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun 80 illik yubileyi ilə əlaqədar 21 aprel 1996-cı il tarixli fərman və alimin xatirəsinin əbədiləşdirilməsi haqqında 20 iyun 1996-cı il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna Vəli Axundovun adının verilməsi, Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinin tələbələri üçün akademikin adına təqaüd təsis edilməsi və yaşadığı binaya xatirə lövhəsi vurulmasına dair qərar qəbul edilmişdir.

Ümummili lider Heydər Əliyev 1996-cı il iyun ayının 21-də Vəli Axundovun 80 illiyinə həsr olunmuş yubiley yığıncağında şəxsən iştirak etmişdir. Ulu öndər çıxışına başlayarkən bir məsələni xüsusi vurğulamışdır: “Vəli Axundovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam qəbul edərkən mən iki məqsədi nəzərə almışam. Birincisi, xalqımızın, millətimizin, respublikamızın, dövlətimizin tarixinə daimi hörmət və ehtiramın zəruriliyini, bununla yanaşı olaraq Vəli Axundovun xidmətlərinə və onun şəxsiyyətinə olan hörmət və ehtiramımı nəzərə almışam”. Qeyd edək ki, Vəli Axundovun özünün də ulu öndər Heydər Əliyevə xüsusi rəğbəti vardı. Akademik respublikaya rəhbərlik etdiyi dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevi yüksək mənəviyyata və idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət kimi qiymətləndirmişdi: “Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə əsas verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, bütün böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli adamdır”.

Akademik Vəli Axundovun xatirəsinə dövlətin diqqəti bu gün də davam etməkdədir. Onun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 yanvar 2016-cı il tarixli sərəncam imzalamışdır.

Göründüyü kimi, ictimai-siyasi və dövlət xadimi kimi Vəli Axundovun fəaliyyəti bu gün də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Görkəmli alim, tibb elmləri doktoru, professor, akademik V.Axundovun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

 

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

"Azərbaycan" qəzeti, 1 iyun 2016-cı il

  • Paylaş: