Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatına maraq göstərir
08.06.2016 15:37
  • A-
  • A
  • A+

Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatına maraq göstərir

Çin İctimai Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanqhonq AMEA-nın İqtisadiyyat İnstitutuna məktubla müraciət edib. Müraciətdə dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin ölçülməsi və optimallıq həddinin müəyyənləşdirilməsi sahəsində Azərbaycan iqtisadçılarının apardığı tədqiqatların böyük maraq doğurduğu bildirilib və alınan nəticələrlə daha yaxından tanış olmaq üçün görüş və seminarların keçirilməsi təklif edilib.

Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunda bu cür tədqiqatlar 2014-cü ildən başlayaraq aparılır. İnstitutun təklif etdiyi İnteqral indeks ilk mərhələdə Şərqi Avropa və Mərkəzi Asiya regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanıb. Alınmış nəticələr və onların interpretasiyasını əks etdirən elmi əsərlər təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dərc edilib. Bu nəticələrlə institutun www.economics.com.az saytında tanış olmaq mümkündür.

Hazırda 2015-ci ilin statistik göstəriciləri əsasında 62 ölkə üçün İnteqral indekslərin hesablanması başa çatıb və yaxın günlərdə elmi ictimaiyyətə tədqim ediləcəkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: