Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2016 14:16
  • A-
  • A
  • A+

Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə

Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə

Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm gününə həsr olunan tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib.

Tədbirdə Azərbaycanla yanaşı, dünyanın 14 ölkəsindən – Amerika, Rusiya, Yaponiya, İspaniya, Hindistan, Pakistan, İran, Çexiya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan və Gürcüstandan olan tanınmış elm adamları iştirak ediblər.

Qonaqlar əvvəlcə Türkmənistan Elmlər Akademiyasının Texnopark şəhərciyində yaradılmış elm-istehsalat birliklərinin işi və ölkə elminin ən son nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Sonra Akademiyanın Texnopark şəhərciyindəki Akt zalında “Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevin sədrlik etdiyi plenar iclasda 8 ölkəni təmsil edən alimlərin və elm təşkilatçılarının məruzələri dinlənilib. Plenar iclasda akademik İsa Həbibbəyli “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri” mövzusunda məruzəsini təqdim edib.

Bundan başqa, Türkmənistan EA-nın Əlyazmalar İnstitutunda bu qurumun Humanitar Elmlər Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun çap etdiyi türkmən ədəbiyyatının böyük klassiki Məhdimqulu Fəraqinin "Divan"ının təqdimatı olub.

Akademik İsa Həbibbəyli Məhdimqulu Fəraqinin "Divan"ının Bakı nəşrinin ədəbi-tarixi əhəmiyyətindən danışaraq, bu müştərək nəşri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Türkmənistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. Bildirib ki, Məhdimqulu Fəraqinin 1914-cü ildə Buxara şəhərində daş basması üsulu ilə nəşr olunmuş "Divan"ının nadir nüsxələri Azərbaycan alimləri tərəfindən Bakıda Əlyazmalar İnstitutunun fondundan aşkar edilmişdir. "Divan"da indiyədək Məhdimqulu Fəraqinin külliyyatına daxil edilməmiş naməlum şeirlər və parçalar var.  Qeyd olunub ki, nəşrə akademik İsa Həbibbəyli "Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı ön söz yazıb.

Tədbirdə çıxış edən Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, müxbir üzv Annaqurban Aşırov, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Qızılgül Kiyasova və başqaları Məhdimqulu Fəraqinin nadir "Divan"ının Bakı nəşri ilə bağlı fikirlərini bildiriblər.

Görkəmli türkmən şairinin AMEA Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş nadir "Divan"ı Türkmənistan Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasına təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: