Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin “Spider effekti” dünyanın tanınmış kimyaçıları tərəfindən qəbul edilib
22.06.2016 09:23
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin “Spider effekti” dünyanın tanınmış kimyaçıları tərəfindən qəbul edilib

ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış “Wiley” nəşriyyatında 25 bölmədən ibarət, ingilis dilində “Yeni birləşmələrin sintezi və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlər” monoqrafiyası (465 səhifə) çap olunub. 1807-ci ildən fəaliyyət göstərən, indiyədək 350-dən artıq Nobel mükafatçısının kitabını çap edən bu məşhur nəşriyyatda iki yüz il ərzində ilk dəfədir ki, azərbaycanlı alimlərin kitabı çap olunur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun ümumi rəhbərliyi ilə nəşr edilən kitabda kimyanın yeni sahəsi olan qeyri-kovalent yeni tipli rabitələrin maddələrin sintezində və kristal qəfəsin formalaşmasında (molekulyar quruluşun dizaynında) əhəmiyyətli rolu müəyyənləşdirilib.

Bu elmi yenilik alimlərimiz tərəfindən ilk dəfə “hörümçək (spider) effekti” adı ilə ədəbiyyata daxil edilib. Təklif olunan bu elmi yeniliyi təsdiqləyən, dünyanın 17 ölkəsindən olan (İspaniya, İtaliya, Portuqaliya, Almaniya, ABŞ, Yaponiya və s.) tanınmış alimlərin elmi tədqiqat işləri də həmin kitabda yer alıb. Monoqrafiyanın azərbaycanlı alimlərin təklif etdiyi ideya və elmi redaktorluğu ilə hazırlanması Azərbaycan elminin müasir səviyyəsinin dünyada qəbul olunmasından xəbər verir. Kitabın nüfuzlu nəşriyyat tərəfindən böyük tirajla çap olunması, tanınmış ali məktəblərə və elmi mərkəzlərə tövsiyə edilməsi, xüsusi internet səhifələrində reklamın yerləşdirilməsi onun yüksək məziyyətlərinin göstəricilərindəndir.

“Yeni birləşmələrin sintezi və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlər” monoqrafiyası Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişafı istiqamətində aparılan mühüm işlərin nəticələrindən biri hesab edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: