Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.06.2016 19:09
  • A-
  • A
  • A+

AMEA-nın Tarix İnstitutunda Tvinninq layihəsinin müşaviri Alessandro Bianki ilə görüş keçirildi

AMEA-nın Tarix İnstitutunda Tvinninq layihəsinin müşaviri Alessandro Bianki ilə görüş keçirildi

Məlum olduğu kimi, AR Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə birlikdə ölkəmizdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinə start verib. Layihə Avropa Komissiyası ilə razılaşdırılıb və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2016-cı ilin fevralından start götürən layihə 2018-ci ilin fevralınadək davam edərək mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönələcək.

İyunun 22-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Tvinninq layihəsinin yerli müşaviri Alessandro Bianki ilə keçirilən görüş bu layihənin həyata keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuşdu.

Görüşdə İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova da iştirak edirdi.

Öncə institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qonağı salamlayaraq onu  rəhbərlik etdiyi qurumda görməkdən məmnun olduğunu ifadə etdi. Alim 80 illik tarixə malik olan institutda son zamanlar beynəlxalq əlaqələrin daha da genişləndiyini, bir sıra mühüm elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı.

Y.Mahmudov müəllifi olduğu “İrəvan xanlığı”, həmçinin “Azərbaycanın orta əsrlərdə Avropa ölkələri ilə əlaqələri” kitablarının Romada italyan dilində işıq üzü gördüyünü bildirdi. O, Cənubi Avropa, xüsusilə İtaliya ilə Azərbaycanın adət-ənənələrində oxşarlıqların olduğunu, iki ölkə arasında elm sahəsində də əməkdaşlığın inkişafının böyük əhəmiyyət daşıdığını vurğuladı.  

“Azərbaycan ilk ibtidai insanların formalaşdığı, zəngin arxeoloji abidələrin olduğu məkanlardan biridir” -  deyə bildirən institut rəhbəri Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Qacarlar kimi imperiyaların tarixən Avropa ilə geniş əlaqələri olduğunu nəzərə çatdırdı.  

Sonra A.Bianki çıxış edərək Azərbaycana Avropa İttifaqının layihəsinin təmsilçisi kimi ezam olunduğunu dedi. O, Avropa İttifaqına üzv olan ölkələrlə Azərbaycanın geniş əlaqələrindən söz açdı. Təmsil etdiyi təşkilatın İtaliyada mədəni irsin qorunmasına məsul dövlət qurumu olduğunu vurğulayan qonaq bu sahədə çoxillik təcrübəyə malik olduqlarını nəzərə çatdırdı. Bildirdi ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan hökümətinin iş birliyi qurmaqda əsas məqsədi Azərbaycanda mədəniyyət sahəsində idarəetmə sistemini təkmilləşdirməkdir.

Qərb ölkələrində mədəni irsin qorunmasının mühüm iqtisadi əhəmiyyətə malik olduğunu bildirən qonaq bu layihə çərçivəsində Azərbaycanın mədəniyyət sahəsindəki idarəetmə sistemində mövcud olan bir sıra elementlərin təkmilləşdirilməsinin, mədəniyyət sektorunun idarəedilməsinin nəzərdə tutulduğunu dilə gətirdi: “Əsas məqsədimiz bu kimi görüşlər təşkil edərək Azərbaycanın milli-mədəni irsinin qorunması istiqamətində AMEA-nın üzərinə düşən konkret vəzifələr barədə ətraflı məlumat almaqdır”.

Y.Mahmudov da öz növbəsində tarixi abidələrimizin qorunmasının gələcək nəsillər və ümumilikdə bəşəriyyət üçün son dərəcə vacib olduğunu dilə gətirdi. Alim 25 ildir ki, işğal olunan ərazilərimizdə sistemli şəkildə mədəniyyət abidələrimizin dağıdıldığını, tarixi məbədlərin məhv edildiyini və bu məsələ ilə bağlı Avropa İttifaqının Mədəniyyət Komissiyasına müraciət etmək niyyətində olduğunu vurğuladı.

Sonda Y.Mahmudov qonağa Azərbaycanın məruz qaldığı soyqırımlara həsr olunmuş kitablar hədiyyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: