Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.06.2016 20:48
  • A-
  • A
  • A+

AMEA ilə İtaliyanın Roma Tre Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA ilə İtaliyanın Roma Tre Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İtaliyanın Roma Tre Universitetində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin rektoru, professor Mario Panizza, ali məktəbin İdarə Heyəti, o cümlədən müxtəlif fakültələrin müəllim və rəhbərləri ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovGeologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycanda təmsilçisi Qulam Babayev, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, səfirliyin birinci katibi Erkin Heydərli, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyada təmsilçisi Sandro Teti də iştirak edib.

Öncə akademik Akif Əlizadə AMEA haqqında ümumi məlumat verərək qurumda son dövrlərdə prioritet istiqamətlərdə aparılan araşdırmalardan danışıb. Akademiyada həyata keçirilən magistr və doktorant proqramları barədə geniş məlumat verib. Alim bildirib ki, AMEA-da Roma Tre Universiteti ilə magistr və doktorant mübadilə proqramının həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması üçün hər cür şərait mövcuddur.

Birgə müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Sonra universitetin rektoruna “Dünyanın Palçıq vulkanları” Atlası təqdim olunaraq, nəşr barədə ətraflı məlumat verilib.

Görüş iştirakçıları Bakıda multikulturalizmə həsr olunacaq konfransın keçirilməsi ilə bağlı müzakirələr apararaq tədbirin cari ilin sonlarında təşkilinə dair ilkin razılaşma əldə ediblər. Qeyd olunub ki, bu konfrans ölkə başçısı İlham Əliyevin “Multikulturalizm ili” elan etdiyi 2016-cı ilin yekun hesabatı xarakterini daşıyacaq.  

Görüşdə, həmçinin memar Laura Perettiyə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda sərgi və muzey kompleksinin yaradılmasının ilkin layihəsi təqdim olunub. Layihəyə əsasən, bu qoruq ətrafında parkların salınması və məkanın ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu kompleksdə, həmçinin Yanardağ haqqında muzeyin yaradılması təklif olunur.

Daha sonra AMEA-dan olan nümayəndə heyətinə tikilməsi nəzərdə tutulan kompleks, muzey, park və istirahət mərkəzini əks etdirən nəfis tərtibatlı broşür təqdim olunub.

Sonda hər iki qurumdan olan nümayəndələr bir-birinə hədiyyələr təqdim edərək, xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: