Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

24.06.2016 22:38
  • A-
  • A
  • A+

“Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimat mərasimi keçirilib

“Alimin həyatı, yaradıcılığı və taleyi” adlı kitabın təqdimat mərasimi keçirilib

İyunun 24-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycanın tanınmış arxeoloq, etnoqraf alimi Ələsgər Ələkbərovun 125 illiyi münasibətilə çap olunmuş “Alimin həyatı, yaradıcılığı və taleyi” kitabının təqdimatı baş tutub.

Təqdimatda AMEA Arxeologiya və Etnoqrafiya İntitutu, digər institutların əməkdaşları, həmçinin Azərbaycan – Almaniya Beynəlxalq Arxeoloji ekspedisiyasının həmrəhbəri, alman arxeoloqu, doktor Barbara Helviq də iştirak edirdi.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Bu günün əhəmiyyətini vurğulayan alim Ə.Ələkbərovun XX əsrdə Azərbaycan arxeologiyası və etnoqrafiyasının əsaslarını qoymuş görkəmli insanlardan biri olduğunu vurğulayıb. İ.Həbibbəyli etnoqraf alimin Naxçıvanda həyata keçirdiyi arxeoloji tədqiqatlardan söz açaraq, muxtar respublikanın tarixi, mədəniyyəti və sənətkarlıq baxımından öyrənilməsində onun xüsusi rolu və əməyi olduğunu dilə gətirib. Vitse-prezident kitabın Azərbaycan arxeologiya elminə sanballı töhfə olduğunu və alimin zəngin irsinin öyrənilməsində mühüm rol oynayacağını deyib.

Tədbirdə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Ə.Ələkbərovun həyat və yaradıcılığından bəhs edib. Onun sözlərinə görə, alimin 15 il ərzində 30-dan çox elmi əsəri çap edilib. M.Rəhimova böyük alimin Azərbaycan arxeologiyası və etnoqrafiyasında bir çox ilklərə imza atdığını bildirib: “O,  qısa müddət ərzində öz tədqiqatları ilə Azərbaycan arxeologiyasına və etnoqrafiyasına dəyərli töhfələr vermiş, gələcək tədqiqatçılar nəsli üçün əvəzsiz və zəngin məlumat bazasını miras qoymuşdur”.

Sonra akademik Teymur Bünyadov etnoqrafın Azərbaycan elminə əvəzsiz xidmətlərindən söz açaraq onun həyat və fəaliyyətindən bəhs edən kitabın xüsusi əhəmiyyətini vurğulayıb.

Konfransda, həmçinin professor Hidayət Cəfərov “Ələkbərov və Xocalı tədqiqatları”, t.ü.f.d Bəhlul İbrahimli “Naxçıvan arxeoloji abidələrinin tədqiqində Ə.Ələkbərovun rolu”, İdris Əliyev “Ə.Ələkbərovun həyat və yaradıcılığı arxiv sənədlərində” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrin müzakirəsində çıxış edən Arxeologiya və Etnoqrafiya  İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Səfər Aşurov, institutun Həmkarlar təşkilatının sədri, tarix elmləri namizədi Abuzər Ələkbərov, Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov və digərləri tədqim edilən əsəri və müəlliflərin əməyini yüksək dəyərləndiriblər.

Tədbirin sonunda Ə.Ələkbərovun nəvəsi Nigar Ələkbərova – Seyidzadə kitabın müəlliflərinə, AMEA-nın, Arxeologiya və Enoqrafiya İntitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: