Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Validə Əli-zadə ABŞ-da keçirilən beynəlxalq konfransda məruzə edib
14.07.2016 15:22
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Validə Əli-zadə ABŞ-da keçirilən beynəlxalq konfransda məruzə edib

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadə ABŞ-ın Missouri Botanika Bağında keçirilən “Davamlı inkişaf məqsədləri və bitkilərin qorunması” mövzusunda Beynəlxalq konfransda iştirak edib.

Tədbir ABŞ-ın Botanika Bağı və Bitkilərin Mühafizəsi üzrə Qlobal Əməkdaşlıq (GPPC), Bioloji Müxtəliflik üzrə Konvensiya (CBD) Katibliyi və Bitkilərin Mühafizəsi üzrə Botanika Bağlarının Beynəlxalq Şurasının (BGCI) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda GPPC-nin istiqamətlərinin tətbiqi üzrə beynəlxalq təcrübə mübadiləsi, CBD-nin 2011-2020-ci illər üçün Strateji Planının nailiyyətləri, biomüxtəlifliyin Aichi məqsədləri və 2030-cu ilədək davamlı inkişaf məqsədləri müzakirə olunub.

V.Əli-zadə AMEA-nın dəstəyilə həyata keçirilən və rəhbəri olduğu “Azərbaycan florasının nəsli kəsilməkdə olan nadir bitki növlərinin yox olma riskinin proqnozlaşdırılması” mövzusunda multidissiplinar layihənin nəticələrini tədbirdə təqdim edib. Azərbaycanlı alimin mövzu üzrə plenar məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq konfrans biomüxtəlifliyin itməsi, yoxsulluq və iqlim dəyişikliyi kimi çoxşaxəli qlobal problemlərin öyrənilməsi baxımından əhəmiyyətli olub.

Konfransın nəticələri xüsusi məqalə səklində çap olunmaq üçün CBD-nın katibliyinə təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: