Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.07.2016 12:38
  • A-
  • A
  • A+

Botanika İnstitutunda milli mətbuatımızın 141-ci ildönümü münasibətilə tədbir keçirilib

Botanika İnstitutunda milli mətbuatımızın 141-ci ildönümü münasibətilə tədbir keçirilib

Bu gün AMEA-nın Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Mərasimdə AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının məsul əməkdaşları, eləcə də ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Həsən bəy Zərdabinin büstü önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib. O, yaradılmasının 141 ilini geridə qoyan mətbuatımızın keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə baxmayaraq şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Məlumat verilib ki, hazırda Azərbaycanda təxminən 200 qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti mövcuddur. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 80 faizini təşkil edir. 

Tədbirdə digər çıxış edənlər mətbuatın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: