Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan elmi ölkəmizin inkişafına öz töhfəsini verir
26.07.2016 10:26
  • A-
  • A
  • A+

Azərbaycan elmi ölkəmizin inkişafına öz töhfəsini verir

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir
 
- Akif müəllim, müasir dövrümüzdə Azərbaycan ictimai-siyasi, iqtisadi–mədəni, sosial sahələrdə yüksək inkişaf mərhələsini yaşayır. Bu istiqamətdə həyata keçirilən dövlət siyasətini necə xarakterizə edərdiniz?
 
- Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları və həyata keçirilən islahatlar Azərbaycan Milli Elmlər Akademiyasına da öz müsbət təsirlərini göstərməkdədir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq, ölkəmizin inkişaf dinamikasını sürətləndirirlər. Bildiyiniz kimi, ötən ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə AMEA-nın 70 illik yubileyi qeyd olundu. Cənab Prezident yubiley tədbirində dərin məzmunlu nitq söylədi, Azərbaycan elminin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirdi.
 
Azərbaycan Milli Elmlər Akademiyası son yüz ilə yaxın müddət ərzində xalqımızın sosial-mədəni inkişafında olduqca mühüm rol oynamış, elmin inkişafına mühüm töhfələr vermişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində akademiyanın inkişafında, nailiyyətlərin əldə olunmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını xüsusi qeyd etməliyik. Ötən əsrin 60-70-ci illərində Dahi Öndər Heydər Əliyevin bilavasitə, dəstəyi sayəsində akademiyanın maddi-texniki bazası gücləndirilmiş, kadr potensialı artırılmış, infrastrukturu müasir tələblər səviyyəsində təşkil edilmişdir. Ötən əsrin 90-cı illərində, ölkəmizin hər yerində olduğu kimi, akademiya da böyük çətinliklərlə üz-üzə qaldı. O vaxt hakimiyyətdə olan qüvvələr, hətta akademiyanın bağlanması təklifini belə irəli sürmüşdülər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş nailiyyətlər Onun malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsinin məntiqi nəticəsi idi. Həmin dövrdə, bütün sahələrə olduğu kimi, elmin inkişafına da xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyat nə vəziyyətdə olursa-olsun, akademiya inkişaf etməlidir" fikrini ifadə etməsi AMEA-nın qorunub-saxlanılmasında və bu gün dünya elmi sırasında öz mövqeyini və yerini tutmasında böyük rol oynamışdır. Müasir dövrümüzdə Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, bütün sahələrdə olduğu kimi, AMEA-nın da maddi-texniki bazasının güclənməsi, kadr potensialını artırılması, akademiyanın yeni-yeni binalarla təmin edilməsi, yeni institutların yaranması və s. istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Akademiyanın Mərkəzi-Elmi Kitabxanasının və Milli Ensiklopediya Mərkəzinin yeni binalarının qısa zamanda tikilib istifadəyə verilməsi, Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmir edilməsi ölkəmizdə elmin inkişafına yüksək diqqət və qayğının göstəricisidir.
 
Bilirsinizmi, hazırda dünyada elm əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edərək, xüsusi bir sosial fenomenə çevrilmişdir. İndi elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ fəaliyyət cəmiyyətin mövcudluğunu, təhlükəsizliyini, davamlı inkişafını şərtləndirən əsas amil kimi çıxış edir. Eyni zamanda, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının da əsas təminatçısı elmdir. Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Dəfələrlə bəyan edildiyi kimi, dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, təbii resurslarla intellektual potensialın vəhdəti təşkil edir. İndi biz 70 illik zəngin elmi təcrübə işığında gələcək hədəflərimizə doğru addımlamalıyıq. Bir daha vurğulamaq istərdim ki, müasir dövr gələcək hədəflərə, məhz elmin, intellektin, zəkanın işığında nail olmağın mümkünlüyünü təsdiq edir. Bu mənada, Ümummilli Lider Heydər Əliyevin akademiya haqqında dediyi dahiyanə formul, "Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub-saxlamalıyıq" tamamilə yeni məzmun kəsb edir. Milli sərvət statuslu akademiyanı həm də ona görə qoruyub-saxlamalıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividendi hesabına strateji oriyentrləri dəqiq müəyyənləşdirməyi bacaraq, necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək.
 
- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda alimlər qarşısında bəzi məsələləri qaldırdı və müstəqillik dövrünə həsr olunmuş sanballı elmi əsərlərin yaradılmasını da tövsiyə etdi. Yaxın gələcəkdə belə əsərlərin yazılması nəzərdə tutulubmu?
 
- Cənab Prezidentin müəyyən etdiyi hədəflər, qaldırdığı problemlər və qarşıya qoyduğu vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edir. Bu prioritetlər hazırlanmaqda olan Azərbaycan elminin inkişaf doktrinasında öz əksini tapacaqdır. Prezident yubiley tədbirində çıxışında fundamental, tədqiqi elmin, kosmik tədqiqatlardan tutmuş aqrar elmlərə qədər bütün bu və ya digər istiqamətdə aparılan tədqiqatları təhlil edərək, Azərbaycan alimləri qarşısında mühüm vəzifələr qoydu, çağırışlar etdi. Həmin çıxışdan sonra AMEA-nın Rəyasət Heyətinin iclasında Cənab Prezidentin müəyyənləşdirdiyi prioritet vəzifələr geniş müzakirə olundu, müvafiq qərarlar qəbul olundu. Hazırda həmin qərarların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən birini innovativ fəaliyyətin genişləndirilməsi təşkil edir. Bu baxımdan, Akademiyanın Tərcübə-Sənaye Zavodunda görülən işləri, xüsusilə qeyd etmək istərdim. Burada elmi fəaliyyətin nəticəsi kimi əldə olunan yeniliklər olduqca uğurlu bir şəkildə praktikaya tətbiq olunur.
 
Həmçinin, Cənab Prezident humanitar elmlərlə bağlı fikirlərini söyləyərək, Azərbaycan dilinin saflığının qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasında tarixçilərin rolu və s. məsələlərə toxundu. Bu məsələlər də akademiyada müzakirə olundu. Onu da vurğulamaq istərdim ki, bu il bütün xalqımız Azərbaycanın dövlət müstəqilliyinin 25 illik yubileyinə hazırlaşır. Akademiya bu münasibətlə "Azərbaycan müstəqilliyi - 25" monoqrafiyasını hazırlayıb və bu yaxınlarda çapa veriləcək. Burada müstəqillik illərində akademiyanın keçdiyi şərəfli yol işıqlandırılıb.
 
- Siz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Məhz sizin islahatların nəticəsi olaraq akademiyanın tarixində, ilk dəfə olaraq magistratura təsis olunub. Bilmək istərdik ki, bu elmin inkişafına hansı töhfələrini verəcək?
 
- Bu gün akademiyada elm və təhsilin inteqrasiyası konseptual xarakter daşıyır. Məlum olduğu kimi, akademiyada illərlə formalaşmış böyük elmi potensial, müxtəlif elmi istiqamətlər üzrə çoxsaylı mütəxəssislər, müasir elmi avadanlıq və cihazlarla təmin olunmuş laboratoriayalar mövcuddur. Bu potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasına böyük ehtiyac vardır. Alimlərimiz təhsil prosesində iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır. Bu gün biz alimlərin pedaqoji prosesdə yaxından iştirakında maraqlıyıq. Həqiqətən də, bu gün püxtələşmiş alimlərimiz öz təcrübələrini universitet auditoriyalarında gənc nəslə öyrətməkdədirlər. Biz bu prosesi daha da təkmilləşdirmək məqsədilə konkret addımlar da atmışıq. Artıq bu gün akademiyada çoxsaylı baza kafedrası fəaliyyət göstərir. Bu kafedralar universitetlərdəki kafedraların elmi mütəxəssislərlə daha yaxşı təmin olunmasına, təcrübə və nəzəriyyənin bölüşdürülməsinə geniş imkanlar yaradır. Bu isə, bizə akademiyada magistratura təhsil pilləsini təşkil etməyə imkan yaratdı. Artıq bu il akademiyada magistraturaya 57 nəfər qəbul həyata keçirilmişdir. Biz bununla gənclərin elmə daha erkən cəlb olunmasına nail olmaq istəyirik.
 
Mən Azərbaycan Alimlərinin I Qurultayındakı məruzəmdə qeyd etmişdim ki, biz gələcək alimi orta məktəblərdən seçməli və yetişdirməliyik. Bu gün təhsil prosesində tətbiq olunan kurikulum proqramı da, əslində dünyanın müasir çağırışları zəminində meydana çıxmışdır. Burada əsas məqsəd şagirdlərdə ilkin tədqiqat, araşdırma vərdişlərini aşılamaqdır ki, bu da gənclərdə elmi araşdırmalara marağın yaradılmasına imkan verir. Çox sevindirici haldır ki, artıq Azərbaycan təhsilində də bu proses uğurlu şəkildə gedir və heç şübhəsiz ki, yaxın gələcəkdə biz bunun müsbət nəticələrinin şahidi olacağıq.
 
- Azərbaycan elmi inkişaf yolundadır. Amma elmin inkişafı haqqında danışarkən, bilməliyik ki, uzun illər sovet dövlətinin tərkibində qapalı olmuşuq. İndi isə Azərbaycan elmi dünyaya inteqrasiya edir, beynəlxalq əməkdaşlıq daha da genişlənir.
 
- Təbii ki, akademiyada aparılan islahatlar içərisində beynəlxalq əlaqələr də mühüm yer tutur. Əlbəttə, Azərbaycan elminin beynəlxalq əlaqələri hər zaman olmuşdu. Amma bu gün zamanın tələbi tamamilə başqadır. İndi qloballaşan və virtuallaşan dünyada hər bir ölkənin elmi potensialının inkişafı inteqrasiyadan, bilavasitə asılıdır. Hazırda Elmlər Akademiyası Avropa alimləri, Amerika alimləri ilə olduqca effektiv əlaqələr qurub, İtaliya, Fransa, Almaniya kimi ölkələrlə müştərək elmi laboratoriyalar yaratmışdır. AMEA xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə fikir mübadiləsi aparır. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər.
 
Müasir dövrdə sivilizasiyalararası dialoq prosesinin sürətləndiyi zamanda, tolerantlıq və multikulturalizm məsələləri xüsusi aktuallıq kəsb edir. Cənab Prezident İlham Əliyevin məlum Sərəncamı ilə 2016-cı il ölkəmizədə "Multikulturalizm ili" elan olunub. Bu, onu göstərik ki, Azərbaycan multikultural dövlət olaraq dünyaya açıqdır və dünyanın hər bir ölkəsi ilə qarşılıqlı əməkdaşlıq edir, öz imicini qorumaqla başqa xalqlara da hörmətlə yanaşır. Sülh, əmin-amanlıq, sabitlik adası kimi tanınan Azərbaycan bütün dünyaya tolerantlıq, multikulturlizm modelini təqdim edir. Qardaşlıq və birgə yaşamaq modelini bəyan edir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir". Mən həmişə deyirəm ki, çiçəklən doğma Azərbaycan, qoy sülh bərqərar olsun bu gözəl diyarda. Biz isə Azərbaycan elmini, Azərbaycan həqiqətlərini öz elmimizlə şöhrətləndirək. Bu əmin-amanlıq, sabitlik olmasa, iqtisadi inkişaf olmasa, elmi-tədqiqatdan söz açmaq belə olmaz. Siz diqqət yetirin, müasir dünyamızda irqi, dini zəmində ayrı-seçkilik, qarşıdurmaların yarandığı, ictimai-siyasi vəziyyətin gərgin olduğu zamanda, Azərbaycanda sabitlik və əmin-amanlıq hakimdir. Bu, əlbəttə ki, Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin nəticəsində mümkün olmuşdur. Hər il Azərbaycana gələn qonaqların sayı artmaqdadır. İndi doğma Bakımızda xeyli sayda simpozumlar, konfranslar, beynəlxalq görüşlər keçirilir, Nobel mükafatı laureatları ölkəmizə dəvət olunurlar. Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, ilk Avropa Oyunları, "Formula-1" və onlarla belə tədbirlər son illərdə ölkəmizi dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirmişdir. Bütün bu tədbirlərin təşkili ölkəmizin beynəlxalq aləmdə imicinin artmasının, Azərbaycana olan inamın və etimadın güclənməsinin ifadəsidir. Bütün bu tədbirlərin davamı olaraq, cari ilin sentyabr ayında ənənəvi 5-ci Beynəlxalq Humanitar Forum keçiriləcək. Dünya alimləri yenidən Bakıya toplaşacaq, Azərbaycan həqiqətləri ilə bir daha yaxından tanış ola biləcəklər. Bu, Azərbaycanın dünyaya bəyan etdiyi sülh və barış, dostluq və qardaşlıq mesajlarıdır.
 
- Akif müəllim, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ilə bağlı fikirlərinizi bilmək istərdik.
 
- Ulu Öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident Cənab İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun tərzdə zənginləşdirərək, ölkənin müasir dövlətə çevrilməsinə və tam müstəqil siyasət yürütməsinə nail olmuşdur. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu davam etdirilmiş, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm addımlar atılmışdır. Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksələrək, müasir çağırışlara tam cavab verir. Dünyada gedən siyasi proseslər, müasir dövlət idarəçiliyi, iqtisadi islahatlar, insan hüquqlarının qorunması, dövlətin təhlükəsizliyinin təminatı və s. ölkənin konstitusiyasını da yeniliklərə uyğunlaşdırmağa sövq edir. Mən qeyd etdiyiniz Sərəncamla məmnunluqla tanış oldum. Hesab edirəm ki, bu, Azərbaycanda aparılan demokratik islahatların, bir model kimi inkişafının yeni mərhələsidir. Cənab Prezidentin bu Sərəncamı hərtərəfli düşünülmüş sənəddir. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı müasir zamanın tələbinə hesablanmış təkliflərdir. Cənab Prezident tərəfindən irəli sürülmüş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı ölkəmizi daha da müstəqil, demokratik, müasir və təhlükəsiz dövlətə çevirəcək. Heç şübhəsiz ki, Azərbaycanın yeni bir mərhələdə dinamik inkişafına təməl olacaq.
 
"Səs" qəzeti, 25 iyul 2016-cı il
  • Paylaş: