Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.08.2016 13:28
  • A-
  • A
  • A+

Ağdamda eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar aşkar edilib

Ağdamda eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar aşkar edilib

Ağdam rayonunun Ergi ərazisində eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar - cam, kasa və dolça aşkar edilib. Maddi mədəniyyət nümunələrini Mərzili kəndindən məcburi köçkün İlqar Məmmədov təsərrüfat işləri apararkən tapıb.

Əşyalara baxış keçirən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül Əliyev bildirib ki, Ergi ərazisində aparılan arxeoloji qazıntılar zamanı hələ 30 il əvvəl bir sıra maddi mədəniyyət nümunələri aşkar olunmuşdu. Lakin son 10 illiklərdə bu ərazilərdə tədqiqat işləri aparılmayıb. Bununla bərabər ərazidə təsərrüfat işləri zamanı çoxlu maddi mədəniyyət nümunələri tapılır. Bu nümunələr yerli sakinlərdə saxlanılır.

Qarabağ bölgəsində çalışan arxeoloqlar Ergi ərazisində ayrı-ayrı evlərdə saxlanılan əşyalarla tanış olublar. Bu əşyaların arasında Əhəməni dövrünə aid cam, kasa və dolça tipli qablar xüsusi əhəmiyyət kəsb edir. Çünki eramızdan əvvəl VI-IV əsrlərə aid belə qablara bu bölgədə çox nadir hallarda rast gəlinir.

Aşkar edilən əşyalar Ağdam Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov bildirib ki, 1962-ci ildə yaradılmış və 2500-dən artıq eksponatın sərgiləndiyi Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı talan edilib. 2001-ci ildə yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin hesabına muzey yenidən fəaliyyətə başlayıb. Hazırda Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyət göstərən muzeydə 1000-dən artıq eksponat sərgilənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: