Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı keçiriləcək
24.08.2016 12:52
  • A-
  • A
  • A+

“İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı keçiriləcək

Cari il 31 avqust-1 sentyabr tarixlərdə Azərbaycanda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı keçiriləcək. Bu barədə məlumatı science.gov.az portalına AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov verib.

Onun sözlərinə görə, 10-cu dəfədir ki təşkil olunan konfrans ilk dəfə 2007-ci ildə Çində keçirilib. Bu qəbildən tədbir ötən il Almaniyada, ondan öncə isə Portuqaliyada və ABŞ-da keçirilib. Növbəti 11-ci konfransın isə Yaponiyada keçirilməsi nəzərdə tutulur.

Konfransın məqsədi alim, mühəndis və tələbələrin idarəetmə elmi və mühəndislik idarəetməsinin bütün aspektləri haqqında öz təcrübə, yeni ideya və tədqiqat nəticələrini bölüşməsinə, müzakirə etməsinə və bu sahədəki problemlərin praktiki həllinə çalışmasına imkan yaratmaqdır.

Tədbirdə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Çin, Türkiyə, Portuqaliya və s. kimi inkişaf etmiş ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Konfrans həm elmin inkişafı, həm də müasir dünyada bütün sahələr üzrə idarəetmə problemlərinin həlli baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.

Tədbirin təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.

Konfransın Təşkilat komitəsinin sədri tətbiqi-riyaziyyat və fiziki-kimya sahəsində tanınmış mütəxəssis, çinli professor Jiuping Xudur. Azərbaycanda keçirilən tədbirin Təşkilat komitəsinin həmsədri isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovdur.

Beynəlxalq konfransın proqram komitəsinə 13 nəfər sədrlik edir ki, onlardan biri azərbaycanlı riyaziyyatçı alim, akademik Asəf Hacıyevdir. Komitəyə dünyanın müxtəlif ölkələrindən olan 40 nüfuzlu alim və mütəxəssis daxildir.

Qeyd edək ki, Azərbaycan MDB məkanında bu konfransa ev sahibliyi edən birinci ölkədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: