Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur
31.08.2016 09:34
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur

Tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur.

Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə əmək fəaliyyətinə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlayan Möhsün Nağısoylu baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır. 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə isə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (mətnşünaslıq, tərcümə və dil məsələləri)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2012-ci ildə professor elmi adını almış, 2014-cü ildə isə AMEAnın müxbir üzvü seçilmişdir.

Professor Möhsün Nağısoylu 36 kitab və monoqrafiyanın, o cümlədən “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti”, “Şirazinin “Gülşəni-raz” tərcüməsi, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şəbüstəri Şeyx Mahmud. Gülşəni raz”, “Əhmədi “Əsrarnamə” tərcüməsi”, “A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi” və s. tərcümə əsərlərinin tərtibçisi və izahlarının müəllifi, 2 ali təhsilə hazırlıq kursları üçün bir sıra dərs vəsaitlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test tapşırıqlarının müəllifidir.

Görkəmli alim 300-ə yaxın elmi, elmi-kütləvi məqalənin, müxtəlif elmi ictimaiyyətə təqdim edilmiş rəy və resenziyaların müəllifi, onlarla fəlsəfə doktoru və elmlər doktorluq dissertasiyalarının opponenti-rəyçisi olmuş, rəhbərliyi altında 18 fəlsəfə doktorluğu işi uğurla başa çatdırılmışdır. O, ölkəmizdə və xaricdə keçirilmiş bir çox beynəlxalq konfranslardakı çıxışlarında Azərbaycan dilçilik elmini layiqincə təmsil etmişdir.

M.Nağısoylu AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdindəki İxtisaslaşdırılmış müdafiə Şurasının və Əlyazmalar İnstitutundakı birdəfəlik müdafiə şurasının, Nazirlər Kabineti yanında Terminologiya Komitəsinin üzvüdür. 2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 2014-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

2015-ci ildən bugünədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edir.

Tanınmış elm mücahidini 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan dilçilik elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

 

  • Paylaş: