Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Təcrübə-Sənaye Zavodu yeni addımlarla
07.09.2016 10:13
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye Zavodu yeni addımlarla

Rəqabətqabiliyyətli məhsulların istehsalı ilə idxaldan asılılığın və özünü təmin edən proseslərin təşkili ilə büdcə yükünün azaldılması istiqamətində AMEA-da uğurlu addımlar atılmaqdadır. Bu baxımdan, xüsusilə, Təcrübə-Sənaye Zavodunda (TSZ) aparılan uğurlu sınaq və istehsal prosesləri diqqət çəkir.

2016-cı ilin iyul ayında ISO 9001:2015 (yeni versiya üzrə Azərbaycanda ilk dəfə), ISO 14001:2015, və OHSAS 18001:2007 standartları üzrə sertifikasiyadan keçən TSZ-nin uğuru bütün diqqətləri özünə çəkdi. “SGS” şirkəti tərəfindən keçirilmiş audit yoxlamalarının nəticələrinə görə adıçəkilən beynəlxalq standartlar üzrə sertifikatların verilməsi Zavodda istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək keyfiyyətlərə cavab verməsini təsdiq etmiş oldu.

Zavodun ərazisində mövcud olan müasir infrastrukturun imkanlarından maksimum istifadə edərək istehsal olunan məhsulların uğurlu marketinq strategiyası ilə brendləşdirilməsi istiqamətində işlər görülür. Sürtkü yağlarının adlarının beynəlxalq nomenklaturaya uyğunlaşdırılması və brendə çevrilməsi məhsulların innovativliyini və rəqabət üstünlüyünü istehlakçılara daha effektiv vasitələrlə çatdırmağa şərait yaradacaqdır.

Digər önəmli addımlar isə özəl və dövlət sektoru ilə daimi əlaqələrin genişləndirilməsi üzrə həyata keçirilir. Bu müntəzəm fəaliyyət tədbirləri elm-sənaye-dövlət əlaqələrinin daha da effektiv çalışması üçün faydalı perspektivlər açır.

Sənayedə elmin rolunun artırılması və elmi-texnoloji yeniliklərin tətbiqi üzrə yuxarıda qeyd olunanlardan əlavə, bir sıra mühüm işlər də görülməkdədir. Bütün bu addımların əsas məqsədi ölkə rəhbərliyinin qarşımıza qoyduğu konkret tələblərə əməl etmək və AMEA-nın iqtisadiyyatda rolunu daha da aktivləşdirməkdir. Bazar iqtisadiyyatında uğurlu qlobal təcrübələrdə olduğu kimi, yaxın perspektivdə yeni mühitə tam adaptasiya olunan elm ocağı kimi AMEA öz innovasiyaları ilə bu məqsədinə rahatlıqla çata biləcəkdir.

Fətəli Abdullayev, AMEA İşlər İdarəsinin müdiri, s.e.f.d.

  • Paylaş: