Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin 2015-ci il üzrə biblioqrafik göstərici kitabı nəşr olunub
07.09.2016 17:04
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin 2015-ci il üzrə biblioqrafik göstərici kitabı nəşr olunub

AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan və institut əməkdaşlarının illik elmi əsərlərini – monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında nəşr olunmuş məqalələri, dövri mətbuatda və İnternet resurslarında dərc olunan yazıları, müsahibələri özündə əhatə edən vəsait – "Biblioqrafik göstərici – 2015” kitabı işıq üzü görüb.

AMEA-nın vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və layihə rəhbərliyi ilə toplu 2013-cü ildən etibarən nəşr olunur. Filoloji istiqamətdə araşdırma aparan tədqiqatçılara mənbələri daha rahat tapmaqda kömək edən və institut əməkdaşlarının elmi fəaliyyətinin salnaməsinə çevrilən toplunun tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Sona İbrahimova, redaktoru isə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.

“Nizami adına Ədəbiyyat İnstitutu-2015” toplusu Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2015-ci ildəki elmi axtarışlarının məcmusu kimi Azərbaycan ədəbiyyatşünaslıq  elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, gələcək inkişaf perespektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, biblioqrafik göstəricidə Ədəbiyyat İnstitutunun 2015-ci il üçün elmi nəşrlərinin statistik mənzərəsini aydın şəkildə görmək mümkündür. Nəşrdə əməkdaşların əlifba ardıcıllığı ilə göstəriciləri də verilib ki,  bu da ümumi göstərici ilə bərabər institut alimlərinin illik göstəricilərinin mənzərəsini aydın şəkildə təsəvvür etməyə imkan yaradır.

Biblioqrafik göstərici 2015-ci il ərzində hər bir əməkdaşın ayrı-ayrılıqda nə qədər səmərəli şəkildə çalışdığını, elmi fəallıq səviyyəsini də müəyyən etməyə əsas verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: