Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünya pediatriyasında Azərbaycan zirvəsi
12.09.2016 14:24
  • A-
  • A
  • A+

Dünya pediatriyasında Azərbaycan zirvəsi

Azərbaycanda tibb elminin qədim və tarixi ənənələri var. Belə zəngin ənənələr üzərində bərqərar olan müasir Azərbaycan tibb elmi özündə neçə-neçə görkəmli alimin, insanlara şəfa bəxş etmiş neçə-neçə fədakar həkimin adını, imzasını daşıyır. Bu imzalar içərisində 90 illik ömrünün 70 ildən artıq bir dövrünü tibb elminin sirlərinin öyrənilməsinə, xüsusən insanlığın gələcəyi olan məsum körpələrin xəstəliklərinin müalicəsinə, xalqın rifahına yönəlmiş ictimai fəaliyyətə həsr etmiş akademik Adilə Namazovanın adı xüsusi yer tutur. Adilə Namazovanın dərin istedadla ağır və gərgin əməyin vəhdətinə nümunə ola biləcək ömür bioqrafiyası bu gün özünün 90 illik zirvə məqamında neçə-neçə titulları, mükafatları birləşdirir.

Xalqımız onu fəal, xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı kimi tanıyır. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazova. Bəli, Azərbaycan tibb elminin şöhrətini və Azərbaycan xalqının övladının istedadını, dəyanətini mübaliğəsiz olaraq bütün dünyaya nümayiş etdirən Adilə xanım o insanlar sırasına aiddir ki, onlar məqsədyönlü olaraq öz istedad, bilik və bacarığını xalqın, cəmiyyətin inkişafına, insanların rifahına, xoşbəxtliyinə sərf edirlər.

Akademik Adilə Namazova özünün gərgin elmi axtarışları, tibbi fəaliyyəti ilə Azərbaycanda elmi pediatriya məktəbinin əsasını qoymuşdur. Məhz onun xidmətlərinin nəticəsidir ki, Azərbaycan pediatriya məktəbi dünyada qabaqcıl tibbi istiqamətlərdən biri kimi tanınır. Həm də bu məktəb dünyanın digər ölkələrində də pediatriyanın inkişafına öz töhfələrini vermişdir. Alimin elmi məktəbinin yetirmələri Rusiya, Türkiyə, İran, Almaniya, İsrail, İtaliya və digər ölkələrdə bu gün də müvəffəqiyyətlə çalışır, elmi və həkimlik fəaliyyəti ilə ölkəmizi ləyaqətlə təmsil edirlər.

Adilə Namazovanın əmək və elmi bioqrafiyası elmin sirlərinə yiyələnməklə insanlara xidmət etmək baxımından mənəvi bir örnək timsalıdır. O, Bakıdakı Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirdikdən sonra ilk əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Ağdam rayonunun uşaq məsləhətxanasında başlamışdır. Az bir müddət ərzində həkimlik fəaliyyəti ilə yalnız Ağdamda deyil, bütün Qarabağda şöhrət qazanan Adilə Namazova bu uğurlarla kifayətlənməmişdir. O, tibb elmləri sahəsində biliyini, elmini artırmaq arzusu ilə Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspiranturaya qəbul olunmuşdur. Adilə Namazova aspiranturada təhsil illərində yeni kompleks elektrofizioloji üsullardan istifadə edərək ilk dəfə olaraq uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini, dərəcəsini aydınlaşdırmış, şərhini vermiş, rasional müalicə üsullarını təklif etmişdir. Bu tədqiqatların yekunlarını Adilə Namazova SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi şurasında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etmişdir. Müdafiə müvəffəqiyyətlə keçmiş, institutun və Moskvanın görkəmli alimləri çıxış edərək dissertasiya işini yüksək qiymətləndirmişlər. 

1957-ci ildə Adilə Namazova Bakıya qayıdaraq Tibb İnstitutunun Pediatriya kafedrasında assistent işləməyə başlayır. Tezliklə Tibb İnstitutunun professor-müəllim kollektivinin, tələbələrinin xüsusi rəğbətini qazanır. Saysız-hesabsız xəstə uşaqları sağaldır, tez-tez radioda, respublika qəzetlərinin səhifələrində valideynlərə faydalı məsləhətlər verir, az bir müddət ərzində xalqın dərin rəğbətini qazanır. O, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək biliyini artırmaq, elmin daha yüksək zirvələrini fəth etmək üçün elmi fəaliyyətini davam etdirir. Alim sovet hakimiyyəti illərində bütün dünyada ən məşhur tibb elmi qurumlarından hesab olunan SSRİ Tibb Elmləri Akademiyasında doktorluq dissertasiyası üzərində çalışmağa başlayır.

Akademik Adilə Namazova dünya şöhrətli məşhur cərrah, akademik B.V.Petrovskinin klinikasında XX əsrin 60-cı illərinə qədər öyrənilməmiş sahə olan uşaqlarda anadangəlmə ürək qüsurlarının tədqiqatına başlayır. O, dünyada ilk dəfə olaraq uşaqlarda vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya tətbiq edərək ürəkdaxili və böyük damarların zondlaşmasından, angiokardioqrafiyadan istifadə edərək ürəyin ayrı-ayrı boşluqlarında qan təzyiqinin səviyyəsini, oksigen, karbon qazının tutumunu öyrənməklə ağciyər damarlarının müqavimətini müəyyənləşdirmişdir. 

Adilə xanım dünyada ilk pediatrdır ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləmiş, fəsadların qarşısını almaq tədbirlərini təklif etmiş, ürək üzərində aparıla bilən cərrahi əməliyyatın proqnozunu vermişdir. Belə elmi tədqiqatlarından alınan məlumatların əsasında ürək üzərində uğurlu cərrahi əməliyyatlar aparıldıqdan sonra akademik Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi. Beləliklə o, pediatriya üzrə ilk azərbaycanlı qadın tibb elmləri doktoru oldu.

SSRİ Səhiyyə Nazirliyi Ümumittifaq Cərrahiyyə Mərkəzinin rəhbəri, akademik B.V.Petrovski A.Namazovanın doktorluq dissertasiyası haqqında belə yazmışdı: “A.Namazova ilk dəfə olaraq pediatriya ilə cərrahiyyə arasında çox səmərəli körpü yaradıb. O, indiyə qədər az məlum olan ürək arakəsməsinin anadangəlmə qüsurlarını, uşaq orqanizmində, xüsusilə ağciyər qan dövranında olan dəyişiklikləri tam dəqiqliyi ilə öyrənib, cərrah-kardioloqa ürək üzərində mürəkkəb əməliyyat aparmaq üçün düzgün yol göstərmişdir. Bu sahədə o, təbabətə bir çox yeniliklər gətirib, özü isə hərtərəfli inkişaf etmiş, xüsusi istedada malik alim, prinsipial insandır”. 

Adilə Namazova SSRİ-nin bir sıra məşhur, aparıcı alimlərinin elmi məktəbini keçərək həkim klinisist, tədqiqatçı alim kimi 1965-ci ildə Bakıya qayıdır, Azərbaycan Tibb İnstitutunda kafedra müdiri işləyir. Tibb sahəsində əldə etdiyi bilikləri həmkarları, xüsusilə gənc həmkarları ilə bölüşmək məqsədilə tələbələrə, həkimlərə mühazirələr oxuyur, yeni elmi laboratoriya təşkil edir. 

Bu müayinələr vasitəsilə müxtəlif uşaq xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik zamanı baş vermiş incə dəyişikliklər araşdırılıb aydınlaşdırılır. Bu araşdırmalara alim əsasən istedadlı gənc həkimləri, yuxarı kurs tələbələrini cəlb edir və onlar bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə edirlər. Beləliklə, Azərbaycanda Adilə Namazovanın pediatriya elmi məktəbi yaranır. 

Adilə Namazova və onunla birlikdə çalışan elmi əməkdaşlar keçmiş SSRİ-də və müxtəlif xarici ölkələrdə (Yaponiyada, Hindistanda, ABŞ-da, Fransada, İngiltərədə, Argentinada, Avstriyada, Finlandiyada, Belçikada və s.) beynəlxalq toplantılarda, ümumdünya konqreslərində pediatrların, kardioloqların, terapevtlərin, cərrahların qarşısında elmi məruzələrlə çıxışlar edirlər və bu elmi pediatriya məktəbi dünya miqyasında elmə gətirdiyi yenilikləri, nailiyyətləri ilə məşhurlaşır. Məktəbin nümayəndələri bu günə qədər müxtəlif ölkələrdə müvəffəqiyyətlə çalışırlar. 

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilir. Bu, Azərbaycan elminin böyük nailiyyəti idi. O, ilk azərbaycanlı qadın idi ki, belə yüksək elmi ada layiq görülmüşdü. 

Daim axtarışda olan Adilə Namazovanın diqqətini uşaqlarda və yeniyetmələrdə hipertoniya və hipotoniya xəstəlikləri cəlb edirdi. İlk dəfə olaraq Bakıda və Azərbaycanın müxtəlif regionlarında məktəblilər arasında bu xəstəliyin yayılmasını, başlanğıc və müxtəlif dövrlərində orqanizmdə baş verən lipid, hormonal, bioloji aminlərin ürək qan-damar sisteminin dəyişikliklərini, xəstəliyin başlanmasında uşağın həyat tərzinin, məktəbdəki təhsil şəraitinin, irsi, sosioloji, ekoloji iqlimi faktorların rolunu öyrəndi. Sübut etdi ki, bu xəstəlik öz başlanğıcını uşaq yaşlarından götürərək insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam edir. Uşaqlarda hipertoniya və hipotoniya xəstəliyinin təsnifatını, müalicə və profilaktika üsullarını tərtib edərək dünya təbabətinə, xüsusilə təcrübə həkimlərinə təqdim etdi. Bu tədqiqatlar əsasında Azərbaycan Respublikası uşaqlarda ürək qan-damar sistemi xəstəliklərini müxtəlif ölkə və regionlarda öyrənən Avropa proqramına daxil edildi və maliyyələşdirildi.

Akademik Adilə Namazova müxtəlif ölkələrdə çap olunmuş 350-dən çox əsərin, eyni zamanda 30 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 62 tibb üzrə fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 

Adilə Namazova 20 il Azərbaycan Səhiyyə Nazirliyinin Elmi tibbi şurasının sədri olub. Elmi-tədqiqat və təhsil institutlarında tədqiqat işlərinin istiqamətyönlü, müasir tələbatlara uyğun aktuallıqla, insanların sağlamlığının qorunması məqsədilə planlaşdırılmasında böyük fəaliyyət göstərib. 

Elmi, elmi-təşkilati, pedaqoji və həkimlik fəaliyyəti ilə bərabər Adilə Namazova ictimai sahədə də çox fəal çalışır. O, uzun illər Respublika Qadınlar Cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü olub. Qadınlar arasında böyük təşkilati işlər aparıb. Azərbaycan qadınlarını təmsil edərək onların problemləri haqqında Moskvada, Sankt-Peterburqda, Litvada, Hindistanda, Türkiyədə, ABŞ-da qurultaylarda, konqreslərdə çıxışlar edib. 

1989-cu ildə Adilə Namazova SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin, Millətlər Şurasının üzvü, eyni zamanda SSRİ Ali Sovetində Azərbaycan, Qazaxıstan, Orta Asiya respublikaları qadınları komitəsinə sədr seçildi. Alim bu sahədə geniş fəaliyyət göstərərək Ali Sovetin sessiyalarında tez-tez qadınların, uşaqların acınacaqlı vəziyyəti haqqında çıxışlar etmiş, geniş ictimaiyyətin diqqətini bir sıra problemlərə yönəltmişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünun ilk günlərindən Adilə Namazova əsl vətəndaş, ziyalı kimi fəal mübarizəyə qoşulmuşdur. O, ötən əsrin sonlarında ABŞ-ın Nevada, Luiziana ştatlarının şəhərlərində, Vaşinqtonda, Nyu Yorkda əhali qarşısında, universitetlərdə, böyük müəssisələrdə, zavodlarda, xəstəxanalarda, senatorlar iclasında məruzələr, çıxışlar edərək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmışdır.

Xalqımızın həyatına milli azadlıq uğrunda mübarizənin şanlı, eyni zamanda qanlı səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin əsl günahkarlarının ittiham olunmasında, Azərbaycana qarşı törədilmiş bu faciənin bütün dünyaya çatdırılmasında Adilə Namazova əsl vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir.

Adilə Namazovanın ictimai fəaliyyətində ictimai təşkilatlar çərçivəsində işi mühüm yer tutur. Bu baxımdan onun Respublika “Bilik” Cəmiyyətinin Tibb bölməsinin sədri olaraq uzunillik fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Tibbi biliklərin əhali arasında yayılmasında geniş fəaliyyət göstərdiyinə görə Adilə Namazova Azərbaycan Respublikasının və Ümumittifaq “Bilik” cəmiyyətinin bir sıra mükafatları, medalları və ordenləri ilə təltif olunmuşdu.

Bundan əlavə, Adilə xanım “SOS Uşaq kəndləri - Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri, Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, Ümumdünya və Avropa Pediatrlar Assosiasiyalarının İdarə Heyətinin üzvü, UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli və MDB Komitələrinin üzvüdür. 

Onu da qeyd edək ki, 1994-cü ildə Qazaxıstanda keçirilən konqresdə Adilə Namazova Türkdilli və Mərkəzi Asiya ölkələrinin Pediatrlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

1997-ci ildə Bakı şəhərində Türkiyə, Azərbaycan, Mərkəzi Asiya - türkdilli ölkələrin Pediatriya cəmiyyətlərinin iştirakı ilə keçirilən V beynəlxalq konqresinin prezidenti seçildi. Konqresdə Bakı bəyannaməsi qəbul edildi. 

Adilə Namazovanın erudisiyasını, məsuliyyətini, ali məktəbdə yüksək pedaqoji təcrübəsini, insanpərvərliyini nəzərə alaraq ümummilli lider Heydər Əliyev Naxçıvan Dövlət Universitetində açılmış yeni tibb-pediatriya fakültəsini hamiliyə götürmək missiyasını ona həvalə etdi. Adilə Namazovanın gərgin əməyi sayəsində həmin fakültə inkişaf edərək ölkənin nüfuzlu tibb təhsili ocaqlarından birinə çevrilmişdir.

Adilə Namazovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona əməkdar elm xadimi fəxri adı verilmişdir. 1982-ci ildə o, Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Bundan əlavə, Adilə Namazova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov” mühazirələr müsabiqəsinin qalibi, AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov” mükafatçısı (2016), Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy tərəfindən təqdim olunan “Müqəddəs Çar Dmitri Ordeni” (2014), Rusiya Səhiyyə Nazirliyi Pediatrlar Birliyinin “Akademik G.N.Speranski” medalı (2016) laureatıdır. Eyni zamanda Adilə Namazova “Səhiyyə əlaçısı” və Səhiyyə Nazirliyinin, Tibb Universitetinin, AMEA-nın çoxsaylı tərifnamələri, təşəkkürləri, fəxti fərmanları ilə təltif olunub.

Elmi fəaliyyət sahəsində əldə etdiyi uğurlara görə Adilə Namazova 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, ilk qadındır ki, nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, həm də bütün Şərqdə akademik rütbəsinə layiq görülmüşdür. 

Elmi-ictimai fəaliyyətinə, Azərbaycan səhiyyəsindəki böyük xidmətlərinə görə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1996-cı ildə Adilə Namazova ölkənin ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edildi. 

Beləliklə, Azərbaycan qadınının şərəfli adını bütün dünyada məşhurlaşdırmış Adilə Əvəz qızı Namazova şüurlu və şərəfli həyatını doğma elinin-obasının, ulusunun maariflənməsinə, elminin inkişafına, körpələrinin sağlamlığına, respublikamızın müstəqilliyinə, onun milli dövlətçilik ənənələrinin inkişafına həsr etmiş, böyük pediatrlar məktəbi yaratmış dünya şöhrətli alim, akademik, görkəmli ictimai xadim, əsl milli Azərbaycan qadınının qeyrət simvoluna çevrilmişdir.

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

"Azərbaycan" qəzeti, 11 sentyabr 2016-cı il

  • Paylaş: