Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kosmik sahədə əməkdaşlığa dair memorandum imzalanıb
19.09.2016 09:16
  • A-
  • A
  • A+

Kosmik sahədə əməkdaşlığa dair memorandum imzalanıb

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda dərin məzmunlu çıxışı ilə elmimizin yeni prioritetlərini müəyyənləşdirib, AMEA-nın elmi müəssisələri qarşısında konkret vəzifələr qoyub.

Dövlətimizin başçısının xüsusi diqqət ayırdığı prioritetlərdən birinin ölkədə kosmik sənayenin inkişafı, bu sahədə elmi tədqiqatların aparılması ilə bağlı olduğunu nəzərə alaraq, AMEA ilə AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Tərəflər Azərbaycan Respublikasının ərazisinin kosmik müşahidəsi nəticəsində elmi məqsədlər üçün peyk təsvirlərinin əldə olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edilməsi üzrə əməkdaşlıq edəcək.

Sənəddə ölkəmizə məxsus süni peyklərin təhlükəsizliyi baxımından tələb olunan proqnoz xarakterli hesablama işlərinin yerinə yetirilməsi, nanopeyklərdə astrofiziki eksperimentlərin həyata keçirilməsi, kosmik təsvirlərin əsasında təhlükəli endogen geoloji proseslərin, palçıq vulkanı aktivliyinin, ekoloji şəraitin və digər proseslərin öyrənilməsi və monitorinqinə dair məsələlər nəzərdə tutulub. Bundan başqa, memorandumda Azərbaycanın flora, fauna və torpaq örtüyü biomüxtəlifliyinin, eyni zamanda, ərazinin geologiyasının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ilə bağlı layihələrdə kosmik təsvirlərin tətbiq edilməsi, ekzogen geoloji proseslərin, geoekoloji və faydalı qazıntıların istifadəsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müddəalar əksini tapır.

Qeyd edək ki, ümumilikdə tərəflər arasında prioritet sahələrdə qurulmuş əməkdaşlığı və birgə elmi fəaliyyəti genişləndirəcək bu memorandum gələcəkdə Azərbaycan ərazisində ekoloji və geoloji təhlükələr haqqında yeni məlumatların əldə edilməsi və monitorinqinə, eləcə də faydalı qazıntıların axtarışına, Xəzərin səviyyəsinin və səhralaşma proseslərinin öyrənilməsinə imkan yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: