Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2016 09:17
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin müzakirəsinə dair iclası keçirilib

AMEA Rəyasət Heyətinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin müzakirəsinə dair iclası keçirilib

Sentyabrın 22-də AMEA Rəyasət Heyətinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin müzakirəsinə dair iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi də iştirak edib.

İclası giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bu günlərdə ölkəmizdə müstəqilliyin 25 illiyinin təntənəli şəkildə qeyd olunduğunu deyən akademik bu müddətdə böyük yol qət edildiyini, bütün sahələrdə, o cümlədən iqtisadiyyatda mühüm nailiyyətlər qazanıldığını bildirib.

AMEA rəhbəri hazırda Azərbaycanın növbəti inkişaf mərhələsinin başlanğıcında olduğunu deyib: "Ölkəmiz post-neft dövrünə daxil olur. Bu dövrün özünəməxsus qanunauyğunluqları, iqtisadi siyasət çağırışları var. İqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin əsas prioritetləri olacaq. Bu səbəbdən, dövlətimizin başçısı yaxın illər üçün, eləcə də perspektiv üçün yeni iqtisadi islahatların yol xəritəsinin hazırlanması tapşırığı verib, bununla bağlı xüsusi sərəncam imzalayıb".

Akademik Akif Əlizadə iqtisadi islahatların yol xəritəsində ayrı-ayrılıqda araşdırılan sektorların hər birinin qabaqcıl elmi nailiyyətlərdən faydalanmaqla inkişaf edə biləcəyini söyləyib. AMEA-nın prezidenti bildirib ki, həm bu sektorların, həm də yol xəritəsinə daxil edilmiş infrastruktur sahələrinin inkişafı elmi nailiyyətlərin sürətlə və effektiv bir tərzdə tətbiq olunmasını tələb edir. Akademiya rəhbəri onu da əlavə edib ki, Strateji yol xəritəsi 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı ilə yanaşı, 2025-ci il və ondan sonrakı dövr üçün ümumi hədəfləri də müəyyənləşdirəcək.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasına əsaslanaraq ölkəmizdə iqtisadi islahatların yeni mərhələsini uğurla davam etdirir. Məruzəçi Strateji yol xəritəsinin hazırlanması zamanı dövlət orqanları ilə yanaşı, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrinin yaxından iştirak etdiyini deyib. Sənədin inklüziv və əhatəli olması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib. N.Əmirov Strateji yol xəritəsi çərçivəsində bir il üçün təfsilatlı yol xəritəsi, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı kimi sənədlər hazırlandığını diqqətə çatdırıb. Məruzəçi altı əsas istehsal və xidmət sektorunu, iki sosial sektoru və üç infrastruktur sektorunu əhatə edən strateji yol xəritəsinin növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacağını əlavə edib.

AMEA-nın Strateji yol xəritəsinin hazırlanmasında yaxından iştirak etdiyini deyən məruzəçi bildirib ki, son illər ali elmi qurum kimi, Akademiya Azərbaycan elminin innovativ yeniliklərinin milli iqtisadiyyatın ayrı-ayrı sektorlarına tətbiq edilməsi və əlavə iqtisadi dəyər yaratması məqsədilə islahatlarda aktiv rol oynayır.

İclasda İqtisadi İslahatların Təhlili və  Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı:  Qlobal çağırışlar və milli strategiya" mövzulu təqdimatla çıxış edib. Mərkəz rəhbəri bildirib ki, "Azərbaycanda rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat quruculuğu, həmçinin dayanıqlı iqtisadi inkişaf xətti davam edəcək.

V.Qasımlı vurğulayıb ki, Azərbaycan iqtisadi artımın uzunmüddətli (potensial) səviyyəsini yüksəltməklə məcmu buraxılış kəsirini yaxşılaşdıracaq. O, qeyd edib ki, bunun üçün qısamüddətli dövrdə fiskal və monetar siyasətlərdən istifadə olunacaq, orta və uzunmüddətli dönəmdə isə məcmu təklifi dəstəkləyən investisiya mühiti və infrastruktur daha da yaxşılaşdırılacaq, bazarlara çıxış imkanları genişləndiriləcək, qlobal dəyər zəncirində mövqelər gücləndiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Milli Məc­li­si­nin İqtisadi siyasət, sənaye və sa­hib­karlıq ko­mi­tə­si­nin sədri, akademik Ziyad Səmədzadə "Milli iqtisadiyyatda islahatlar və gələcək perspektivlər" adlı məruzə ilə çıxış edib. Bildirib ki, yol xəritəsi Azərbaycanın gələcəyinə xidmət edən sənəddir. Hazırlanan 12 kitabın müasir dünyada özünü doğruldan təcrübələrə əsaslandığını deyən akademik qeyd edib ki, bu nəşrlər ölkəmizdə gələcəkdə aparılacaq iqtisadi islahatların və iqtisadi inkişaf strategiyasının həlli məsələlərinə müsbət təsir göstərə bilər.

Z.Səmədzadə bəzi ölkələrdən fərqli olaraq Azərbaycanın özünün inkişaf modelini seçdiyini bildirib. Vurğulayıb ki, 1993-cü ildə müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz vaxtda ümummilli lider Heydər Əliyevin cəsarəti, dövlət neft sektorunu və təbii sərvətləri özəlləşdirməməsi ölkəmizin bugünkü parametrlərə sahib olmasına imkan yaradıb.

Daha sonra "Yol xəritəsi sənədi yeni iqtisadi konteksdə" adlı məruzə ilə çıxış edən AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov bildirib ki, yol xəritəsi əvvəlki inkişaf strategiyasından əhatə etdiyi dövr, konkretlik və hazırlanma texnologiyası etibarilə fərqlənəcək.

N.İmanov islahatlar çərçivəsində dövlət sektoru ilə özəl sektor arasındakı nisbətin ikincinin xeyrinə dəyişəcəyi, müəssisələrin vergi yükünün yüngülləşdiriləcəyi, biznes mühitinin yaxşılaşdırılacağı, xarici investorlar üçün daha əlverişli şərait yaradılacağı və digər bu kimi məsələlərin nəzərdə tutulduğunu əlavə edib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məc­li­si­nin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akade­mik İsa Həbibbəylinin "İqtisadi islahatlarda elm və qa­nunvericiliyin rolu" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, yol xəritəsi Azərbaycan iqtisadiyyatının gələcəyi haqqında nikbin düşünməyə imkan verir. Nəşrlərlə yaxından tanış olduğunu deyən akademik sənəd hazırlanarkən dünya təcrübəsinin öyrənildiyini, eləcə də müzakirələrdə Akademiyanın mütəxəssislərinin də yaxından iştirak etdiyini diqqətə çatdırıb.

 İ.Həbibbəyli vurğulayıb ki, iclasın əsas məqsədi gerçəkləşdirilməsi nəzərdə tutulan iqtisadi və institusional islahatlarla bağlı son məlumatları dinləmək, AMEA-nın alim və mütəxəssislərin fikirlərini ölkə ictimaiyyətinə təqdim etmək, eyni zamanda iqtisadi islahatların elmi təminatı sahəsində AMEA-nın vəzifələri haqqında, alimlərimiz qarşısında dayanan gələcək vəzifələr haqqında fikir mübadiləsi aparmaqdır.

AMEA-nın akademik-katibi, İnfor­ma­si­ya Texnologiyaları İnstitu­tu­nun di­rek­toru, aka­demik Rasim Əliquliyev "İqtisadi inkişafda müasir tex­no­loji imkanlar və İKT-nin rolu" mövzusunda məruzə ilə çıxış edib. R.Əliquliyev əvvəlcə Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədləri və əsas vəzifələri haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb, əlverişli investisiya mühiti yaradılıb. Bu istiqamətdə həyata keçirilən ardıcıl və uğurlu tədbirlər ölkəmizdə İKT sektorunda sürətli və dayanıqlı inkişafa nail olunub.

R.Əliquliyevin sözlərinə görə, ölkəmizdə informasiya iqtisadiyyatının əsas sektorlarından biri olan biliklər iqtisadiyyatının inkişafı üçün də əlverişli zəmin yaradılıb, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunub, İKT sektoru milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilib.

Məruzəçi qeyd edib ki, iqtisadiyyatın modernləşdirilməsi və dayanıqlı inkişafını təmin etmək üçün İKT-nin imkanlarından geniş və səmərəli istifadə edilməlidir. R.Əliquliyev İKT-nin tətbiqi ilə ənənəvi iqtisadi sferalarda baş verən ciddi keyfiyyət dəyişikliklərinə dair əyani misallar göstərib, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində qabaqcıl ölkələrin təcrübələrindən bəhs edib. Bildirib ki, postneft dövrünün əsas iqtisadi dayaqlarından və ümid yerlərindən biri məhz İKT və biliklər iqtisadiyyatıdır. R.Əliquliyev çıxışında ən yeni İKT vasitələrinə əsaslanan iqtisadi perspektivlərdən də danışıb, Azərbaycanda İKT və biliklər iqtisadiyyatının inkişaf etdirilməsinə dair təkliflərini səsləndirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: