Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.09.2016 12:41
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu ilə tanış oldu

Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu ilə tanış oldu

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açıldı.

“ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Sərgidə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, dünyanın müxtəlif ölkələrindən olan hərbi müəssisə və təşkilatlarla yanaşı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu da nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev pavilyon ilə tanış oldu.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı dövlət başçısını salamlayaraq, Prezidentə pavilyonda nümayiş etdirilən tarixi eksponatlar, Azərbaycanın hərb tarixinə dair nümunələr haqqında məlumat verdi. Qeyd etdi ki, muzeydə toplanmış eksponatlar, silah növləri Azərbaycanda silah istehsalının tarixən yüksək səviyyədə olduğunun əyani sübutudur. N.Vəlixanlı Azərbaycan, o cümlədən hərb tarixinin təbliği istiqamətində muzeyin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumat verərək müvafiq elmi nəşrləri ölkə Prezidentinə təqdim etdi.

Muzeyin pavilyonu ilə yaxından tanış olan dövlət başçısı, sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin iştirakının sevindirici hal olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan tarixinin öyrənilməsi və təbliğində, ölkə reallıqlarının və mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılmasında muzeylərin mühüm rolu vardır.

Sonda Prezident Azərbaycan xalqının qəhrəmanlıq tarixinin öyrənilməsi və təbliği yönündə muzeyin fəaliyyətinə uğurlar arzuladı.

Qeyd edək ki, bu il 2-ci dəfədir keçirilən sərgidə dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çex Respublikası və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: