Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qafqazşünaslıq İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı “dəyirmi masa” təşkil olunub
13.10.2016 13:15
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı “dəyirmi masa” təşkil olunub

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə "dəyirmi masa" keçirilib.

Tədbirdə institutun direktoru, professor Musa Qasımlı Azərbaycanın müstəqillik uğrunda çətin yol keçdiyini bildirib. Dövlət müstəqilliyimizin bərpa olunmasının böyük bir tarixi hadisə olduğunu söyləyən institut direktoru bu tarixin qeyd edilməsinə dair Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 11 oktyabr 2016-cı il tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Professor M.Qasımlı bildirib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək xeyli hadisələr baş verib, lakin Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başlatdığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov və digərləri çıxış edərək müstəqillik illərində qazanılan uğurlardan danışıblar, bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: