Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.10.2016 15:32
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

Tədbir AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək təqdim olunan əsərin məziyyətlərindən, tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşri müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

M.Əhmədov bildirib ki, bu sanballı əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə bir töhfədir. Kitabda son 25 illik dövlətçilik tariximiz öz əksini tapıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, bugünkü təqdimatın mühüm əhəmiyyəti var. Ona görə ki, bu günlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü geniş şəkildə qeyd olunur.

Vurğulanıb ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdimatı keçirilən ikicildliyin son illərdə institutda nəşr olunan digər çoxsaylı sanballı əsərlər kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlandığını vurğulayıb. Əsərin tədqiqatçılar, təhsil sistemi işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edən Yaqub Mahmudov bu nəcib işdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Əsərin 1-ci cildi 1991-2003-cü illəri, yəni, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. 

Qeyd olunub ki, birinci cilddə 1991-ci il Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi ili kimi qiymətləndirilir. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin rəhbərlik etdiyi Qurtuluş hərəkatına geniş yer verilib. İkinci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub.

Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Tədbirdə Milli Məclisin deputatı Fəzail Ağamalı, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov və başqaları bildiriblər ki, kitablar Azərbaycanın ən yeni tarixinin araşdırılmasına və yubileyə gözəl hədiyyədir. Dövlətçilik ənənələrinin lakonik formada təqdim olunması əsərin dəyərini daha da artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: