Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı işıq üzü görüb
14.10.2016 09:17
  • A-
  • A
  • A+

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı işıq üzü görüb

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda, məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir. Nəsrdə sosialçılıq, “repressiya” mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında müasirlik, yaradıcı gəncliyin nəsr axtarışları; 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, cənublu şairlər müstəqillik illərində, ədəbi qruplar və poetik manifestlər, yeni teatr estetikası axtarışları və s. kimi konkret məqamlar 1990-cı illər ədəbi prosesini bütövlükdə və hərtərəfli əks etdirir. İlk istiqlal şairləri B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, xalq yazıçıları Anar, Elçin, xalq şairləri N.Həsənzadə, F.Qoca, azadlıq aşiqləri V.Səmədoğlu, S.Rüstəmxanlı, Z.Yaqub və bir çox digər şair və yazıçılar haqqında oçerklər də birinci cilddə yer alıb. Önəmli məqamlardan biri də yalnız mərkəzdə deyil, əyalətdə yaşayan ədiblərin də yaradıcılığına diqqət ayrılmasıdır.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilib, ideya-tematik və poetika zənginliyi üzə çıxarılıb. Müasir nəsrin aparıcı janrı olan romançılığın və klassik ənənələr üzərində inkişaf edən hekayəçiliyin, minillik poeziya təcrübəsi və modern baxışların vəhdətində inkişaf edən şeirin, absurd teatr və yenilikçi meyillərin qovşağında təşəkkül tapan dramaturgiyanın ədəbi prosesdə yeri və rolu, geniş fakt mənzərəsi, müxtəlif tendensiyaları kitabda təqdim, təsnif, təhlil və şərh olunub.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınıb və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilib. O cümlədən, ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, Mövlud Süleymanlı və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: