Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxış” mövzusunda seminar keçirilib
27.01.2014 00:00
  • A-
  • A
  • A+

“Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxış” mövzusunda seminar keçirilib

AMEA-nın  Yer,  Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında  “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxış” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü  Əyyub Quliyev seminarın əhəmiyyətindən danışıb, mövzunun aktuallığını önə çəkib. Bildirib ki, Yer planetində baş verən təbii proseslər və onların yaratdığı problemlər, o cümlədən zəlzələlər, qasırğalar, vulkan püskürmələri, kometa və asteroid təhlükələri elmi ictimaiyyəti düşündürən mühüm məsələlərdəndir.

Ə.Quliyev qeyd edib ki, seminarın əsas məqsədi elmi nəticələrin kompleks dəyərləndirilməsinə nail olmaq, konkret sahələrdə alim və mütəxəssislərin səylərinin birləşdirilməsini, bu potensialdan səmərəli istifadəni təmin etməkdir.

Seminarda “Optimal idarəetmənin riyazi üsulları”, “Yer tipli planetlərdə mühit sıxlığının qanunauyğunluqlarının ümumi elmi əsasları”, “Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında”, “Yer planetinə kometa, asteroid və meteorit təhlükəsi” mövzusunda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Çıxış edən alimlər Azərbaycanda bu istiqamətdə elmi-tədqiqat işlərinin genişləndirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, yeraltı sərvətlərlə zəngin olan ölkəmizdə yerin təkinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Hələlik yer qabığının cəmi 8-10 kilometri öyrənilmişdir.

Seminarda ötən il Azərbaycanda 24 zəlzələnin qeydə alındığı, onlardan 6-nın məhz Şamaxı ərazisində baş verdiyi qeyd edilib. Bildirilib ki, ölkədə 35 seysmoloji stansiya fəaliyyət göstərir və zəlzələ ocaqları bir qayda olaraq yer təkinin 18-20-ci kilometrliyindədir. Bu zəlzələlər Qobustanda vulkanların tədricən oyanmasına və püskürməsinə, Şamaxının Muğanlı kəndində torpaq sürüşməsinin artmasında böyük təsir göstərmişdir.

Tədbirdə respublikanın müxtəlif bölgələrində də Yer planeti, onun təkinin öyrənilməsi, ölkə iqtisadiyyatının inkişafı, gələcək potensialı ilə bağlı mövzularda seminarların keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: