Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları”  kitabı çapa hazırlanır
31.10.2016 12:42
  • A-
  • A
  • A+

“Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” kitabı çapa hazırlanır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu yaxınlarda nəşr olunacaq “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı kitabın müzakirəsi keçirilib.

Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti və s. haqqında dolğun və obyektiv informasiyanın dünyaya təqdim edilməsində Vikipediya ensiklopediyasının xüsusi rola malik olduğunu söylədi. Ölkə rəhbərliyi tərəfindən virtual məkanda milli maraqlarımızın təmin olunması məsələsinə xüsusi diqqət yetirildiyini və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirən akademik “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda milli kontentin inkişaf etdirilməsi, qlobal informasiya məkanında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların genişləndirilməsi və Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və yayılmasının genişləndirilməsi məsələlərinin qeyd olunduğunu diqqətə çatdırdı.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kurslarının keçirilməsi üçün Viki-Mərkəzin yaradıldığını vurğuladı.

“Vikimetrik tədqiqatların aparılması, müxtəlif sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya dair nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında bu onlayn ensiklopediyanın populyarlaşdırılması və onların Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması Viki-Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir”, – deyə bildirən alim burada AMEA institut və təşkilatlarının əməkdaşlarına Vikipediya və viki-texnologiyaları ilə idarə olunan müvafiq layihələrdə işləmək üçün zəruri biliklərin tədris olunduğunu önə çəkdi. Nəşrə təqdim olunan kitabın da məhz bu məqsədə xidmət etdiyini nəzərə çatdırdı.

Sonra çıxış edən institutun sektor müdiri İradə Ələkbərova kitabda viki texnologiyaları ilə idarə olunan və dünyanın ən nəhəng virtual layihələrindən olan Vikipediya ensiklopediyasının yaranma tarixi, layihələri, əhəmiyyəti, problemləri və cəmiyyətdə rolu haqqında məlumatların yer aldığını, ensiklopedik veb-səhifələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlərin şərh olunduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, burada Vikipediyaya multimedia fayllarının yüklənməsi və dəyişdirilməsi, ensiklopedik məqalələrin yaradılması prosesində şablonlar, mənbələr və multimedia fayllarından düzgün istifadə, o cümlədən müəlliflik hüquqları ilə bağlı qaydalar haqqında ətraflı məlumat təqdim olunur.

Onun sözlərinə görə, kitabda Viki-mühitdə baş verən prosesləri dərindən analiz etmək, müxtəlif istiqamətlərdə monitorinq aparmaq üçün nəzərdə tutulmuş mövcud analitik sistemlərin və viki-cəmiyyətdə istifadə olunan əsas terminlərin izahı təqdim olunub.

Sonda İ.Ələkbərova bildirdi ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunu müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: