Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2016 16:17
  • A-
  • A
  • A+

İkinci Azərbaycan Elm Festivalına yekun vurulub

İkinci Azərbaycan Elm Festivalına yekun vurulub

AMEA-nın təşəbbüsü ilə keçirilən və respublikanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Gəncə şəhərində baş tutan tədbirlərdən sonra işinə yekun vurub.

Əvvəlcə festival iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Miniatür Kitab Muzeyinin Gəncə filialı, eləcə də “Qədim və müasir elm, mədəniyyət mərkəzi Gəncə” adlı sərgi ilə tanışlıq olub. 

Festival Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında davam etdirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ikinci dəfə keçirilən Elm Festivalının elmimizin nüfuzunun qaldırılması və qazanılan uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. E.Vəliyev bildirib ki, elmimizin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır.

Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət və qayğıdan söz açan icra başçısı  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O, elm Festivalının növbəti mərhələsinin Gəncədə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.

AMEA-nın Gəncə Bölməsinin fəaliyyətindən danışan natiq şəhərin və ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla əlaqələndirilməsində bölmənin mühüm rol oynadığını bəyan edib. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı elan edilən Gəncənin xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində önəmli rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin inteqrasiyasını təmin etmək, eləcə də aparılan elmi araşdırmaların təcrübəyə tətbiqinə nail olmaqdır.

Akademik Əhliman Əmiraslanov tibb sahəsində qazanılan nailiyyətlərdən bəhs edərək, bütün dövrlərdə tibb elminin qarşısında duran əsas məsələnin keyfiyyətli tibbi yardım göstərmək və insanların sağlam yaşayışını təmin etmək olduğunu bildirib. Akademik Əhliman Əmiraslanov son dövrlərin tibbi nailiyyətləri olan müxtəlif orqanların transplantasiyasından, onkologiya sahəsində qazanılan uğurlardan bəhs edib.

Festival iştirakçılarına molekulyar biologiyanın, biotexnologiyaların tətbiqi və bu sahədə əldə olunan nəticələr barədə də məlumat verilib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxışında akademiyanın təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncədə elmin inkişafına böyük töhfə verəcəyini bildirib.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsindən bəhs edərək, şairin əsərlərində elmin təbliğinə geniş yer verildiyini vurğulayıb.

Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib.

Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsinin vacib olduğunu bildirərək, alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.

İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Gəncə şəhərində işinə yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: