Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.11.2016 10:48
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları -2016"nı təqdim etdi

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları -2016"nı təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı təqdim edib.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

Tədbirdə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar.

“Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elmin inkişafına görə” ən yüksək mükafatına “Ən yaxşı tədqiqat universiteti” nominasiyasında Bakı Dövlət Universiteti və “Ən yaxşı tədqiqat institutu” nominasiyasında AMEA-nın Fizika İnstitutu, “Ən yaxşı elmi jurnal” nominasiyasında isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, AMEA-nın və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun “Tətbiq və hesablama riyaziyyatı” jurnalı layiq görülüb.

"Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları isə Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, AMEA Neft-Kimya Prosesləri İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu və AMEA Polimer Materialları İnstitutudur.

Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib. Belə seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: