Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Amerikada elmi ezamiyyətdə olub
10.11.2016 11:13
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Amerikada elmi ezamiyyətdə olub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov ABŞ-da  3 aylıq elmi ezamiyyətdə olub.

Alim ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin (ŞDDU) Bitki patologiyası kafedrasının Genomika laboratoriyasında tədqiqatlar aparıb. Səfər zamanı Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə genom səviyyəsində tədqiqatların aparılması üçün yeni metodlar öyrənilib və Azərbaycan dilində təlimat hazırlanıb.

Aparılan tədqiqatlarda ilk dəfə olaraq buğda genomunu əhatə edən 830 praymer dizayn edilərək yeni panel hazırlanıb. Çoxpraymerli paralel sekvensləmə metodu ilə Azərbaycan Milli Genbankında saxlanılan 170 diploid, 178 bərk ŞDDU–nun Genomika laboratoriyası tərəfindən hazırlanıb 365 praymerlik paneldən istifadə etməklə Azərbaycan mənşəli 86 yabanı və 85 mədəni arpanın genetik identifikasiyası həyata keçirilib və 780 SNP aşkar edilib. 2012-ci Azərbaycan və Gürcüstan ərazisindən toplanılan 88 Aegilops nümunəsi sekvens əsasında genotipləşdirilib və 1250 SNP identifikasiya olunub. Tədqiq edilən Aegilops və buğda nümunəsinin 24 SSR markeri ilə genetik pasportlaşdırılması da həyata keçirilib.

İlk dəfə olaraq, Milli genbankda saxlanılan 172 yumşaq buğda nümunəsi 11 gen spesifik KASP markerinə görə skrininq edilib. Yeni Nəsil Sekvenserindən alınmış nəticələrin bioinformatik analizi üçün UNEAK, GATK, SAMtools proqramları, biostatistik analizi üçün isə Darvin, Structure, Mega-6 və Tassel proqramları mənimsənilib. Həmçinin AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin Genomika laboratoriyasında və ŞDDU-nun Bitki patologiyası kafedrasının eyniadlı laboratoriyasında aparılan tədqiqatların əlaqələndirilməsi, magistr və doktorant hazırlığı, o cümlədən beynəlxalq və yerli qrantlarda birgə iştirak etmək üçün müzakirələr aparılıb və razılıq əldə edilib.

Qeyd edək ki, elmi ezamiyyə ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: