Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın milli məfkurəli tarixçisi
07.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanın milli məfkurəli tarixçisi

Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi burdadır, - bir çox başqa alimlər Şəkinin yetirmələridir.

 

Heydər Əliyev.

Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşması ilə sıx bağlıdır. Bu milli məfkurənin formalaşmasında Azərbaycan tarixçilərinin rolu böyükdür.

 

75 illik yubileyi ərəfəsində olan Yaqub Mikayıl oğlu Mahmudov müasir Azərbaycanın görkəmli tarixçisi, dünya şöhrətli tədqiqatçısı və ictimai xadimi, böyük bir elmi məktəbin banisidir. Yaqub Mahmudov tarix elmində Azərbaycan tarixinin ən mühüm mərhələlərinin və istiqamətlərinin vahid elmi problem halında araşdırılmasının əsasını qoymuşdur.

 

1980-ci illərin ortalarından etibarən Azərbaycanda milli hərəkatın genişlənməsi, milli qürurun, milli-mənəvi dəyərlərin yenidən böyük əhəmiyyət kəsb etməsi, milli tariximizə ictimai marağın artması Azərbaycan tarix elminin və Azərbaycan tarixçilərinin qarşısına böyük məsuliyyət qoydu. Bir tərəfdən sovet hakimiyyəti dönəmindən marksist metodologiyasının ehkamlarına tabe etdirilmiş tarix elmini bu “buxovlardan” azad etmək, yəni elmi metodologiyanı dəyişmək lazım idi, digər tərəfdən, hələ XIX yüzilliyin başlanğıcından Rusiyanın tarix elminin, dəqiq desək, müstəmləkəçi-şovinist tarixçilərin təsiri və diktəsi altında yazılmış TARİXİMİZİ yenidən yazmaq zərurətə çevrilmişdi.

 

İdeologiya, məfkurə elə bir sistemdir ki, onu digəri ilə əvəz etmək, hətta vətənin və millətin xeyri naminə olsa belə, çətin qərardır. Musa peyğəmbərin yüzilliklər boyu kölə vəziyyətində yaşamış xalqını azadlığa çıxarması üçün onu 40 il Kənan ətrafında dolandırması lazım olduğu kimi, milli yöndə tədqiqatlar aparmağa hazır olan tarixçi üçün də ZAMAN gərək idi. Amma torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, qonşuları tərəfindən təkcə torpaq iddiaları ilə deyil, TARİXİNƏ də iddialarla təkbətək qalan Azərbaycanın tarixçisi üçün bu zamandan yararlanmaq “imtiyazı” yox idi. Sovet dövrünün qadağalarına rəğmən milli ruha xəyanət etməyən, alim obyektivliyini qoruyub saxlayan tarixçilərimiz bütün bu “ağırlığı” öz üzərlərinə götürməyə hazır idilər. Belə tarixçilərdən biri və birincisi Yaqub Mahmudov oldu.

 

O, 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində Rəhimoğulları nəslində dünyaya gəlmişdir. Atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, o cümlədən Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmış, başçılıq etdiyi xalq könüllüləri ilə birlikdə Nuru paşanın xilaskarlıq əməliyyatlarında yaxından iştirak etmiş, 1930-cu il Göynük üsyanının başçılarından biri olmuşdur. Yaqub Mahmudovun vətənpərvərlik ruhunun formalaşmasında, tədqiqatlarındakı hər cümləyə vətən sevgisinin keçməsində ailəsinin, doğulub boya-başa çatdığı mühitin, xüsusilə atası Mikayıl Mahmud oğlunun çox böyük rolu olmuşdur.

 

1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini bitirən Y.Mahmudov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Dərs əlaçısı olduğu üçün əvvəlcə Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülür. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirir və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılır. Həmin vaxtdan da görkəmli ortaəsrşünas alim, professor Ə.M.Şahmalıyevin rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi ətrafında elmi axtarışlara başlayır. 1966-cı ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edir; dissertasiyada o vaxtadək tədqiqatçılara məlum olmayan bir çox yeni mənbələr əsasında XV əsrdə Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr saxladığı ilk dəfə olaraq aşkara çıxarılır, o cümlədən Azərbaycanın böyük dövlət xadimi, görkəmli sərkərdə Uzun Həsənin, məşhur diplomat Sara Xatunun həyat və fəaliyyəti tədqiq edilir. Həm vətən, həm də ümumdünya tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini kompleks tədqiq edən tarixçi ümumilikdə Şərq-Qərb münasibətlərini araşdırır. Avropa mənbələrinin materialları əsasında Yaqub Mahmudov Böyük Coğrafi kəşflər ərəfəsində və dövründə beynəlxalq münasibətlərdə təkcə Avropa ölkələrinin və Osmanlı imperiyasının deyil, Azərbaycanın da aparıcı qüvvə olduğunu, hətta bir çox hallarda müəyyənedici rol oynadığını üzə çıxarmış, Azərbaycanın bu dövrdə periferiya deyil, dünyanın diplomatik və iqtisadi mərkəzi olduğunu sübut edə bilmişdir. Bu, sovet elmində marksist metodologiyanın hökmran olduğu bir vaxtda təkcə tarixçi deyil, həm də vətəndaş kimi çox cəsarətli addım idi.

 

Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə verdiyi böyük töhfə milli ruhda yazılmış və milli dövlətçiliyimizə xidmət edən araşdırmalarla bitmir; bu tarixin öyrənilməsini koordinasiya etmək onun xidmətlərinin başında gəlir. Tarixin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün - zamanın çağırışına cavab verməsidir. Yaqub Mahmudov isə bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır.

 

Əslində Yaqub Mahmudovun Azərbaycan tarix elminə koordinatorluğu - ona milli təəssübkeşlik nöqteyi-nəzərindən yanaşması, dövlətçilik tariximizi araşdırmaq üçün müvafiq qurumları və alimləri səfərbər etməsi də onun məktəbinin formalaşdığı dövrlə üst-üstə düşür və 1960-cı illərin ortalarından - Azərbaycan Sovet Ensiklopediyasında fəaliyyətə başladığı dövrdən götürülməlidir. 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayan Yaqub Mahmudov 1971-ci il martın 24-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK Bürosunun qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorun müavini göndərilir və 1975-ci ilədək burada böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, nəhayət elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışır. Bu dönəmdə Yaqub Mahmudov Azərbaycan tarixinin bir çox taleyüklü məsələlərinin saxtalaşdırılmasına qarşı çətin mübarizə yolunu seçir.

 

Bəhs olunan dövrdə Yaqub Mahmudov Ensiklopediyada işləməklə yanaşı, elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Ümumi tarix kafedrasına baş müəllim dəvət olunur. Burada orta əsrlər tarixini tədris edir, dosent elmi adına layiq görülür. Yaqub Mahmudov 1981-ci ildə professor M.Orucovun dəfələrlə təkid göstərməsini nəzərə alaraq, yenidən doğma universitetə qayıdır. O, Bakı Dövlət Universitetində yenicə açılmış Qədim dünya və orta əsrlər tarixi kafedrasında fəaliyyətə başlayır, bir müddət Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra edir. 1985-ci ildə Yaqub Mahmudov Tarix fakültəsində əyani, qiyabi və axşam şöbələri üzrə dekan müavini təyin edilir. 1986-cı ildə isə dekan seçilir, 1990-cı ilədək bu vəzifədə fəaliyyətini davam etdirir. O, bu dövrdə “Səyyahlar, kəşflər, Azərbaycan” (1985), “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri” (1986), ali məktəblərin tarix fakültələrinin tələbələri üçün “Orta əsrlər tarixi” (1990) kitablarını nəşr etdirir, ali və orta məktəblər üçün “Orta əsrlər tarixi” dərsliyini (1988) Azərbaycan dilinə tərcümə edir. 1989-cu ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Leninqrad (indiki Sankt-Peterburq) Universiteti alimlərinin yüksək qiymətləndirdiyi bu əsərə görə Yaqub Mahmudova tarix elmləri doktoru alimlik elmi dərəcəsi verilir. Azərbaycan aliminin bu tədqiqatı, eyni zamanda, Moskva Dövlət Universiteti Orta əsrlər tarixi kafedrasının qərarı ilə çapa layiq görülür.

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etdiyi 1986-1990-cı illərdə Yaqub Mahmudov elmi yaradıcılıqla yanaşı, səriştəli elm və tədris təşkilatçısı kimi tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün genişmiqyaslı fəaliyyət göstərir və respublikanın kütləvi informasiya vasitələrində konkret təkliflərlə çıxış edir. Həmin dövrdə onun təşəbbüsü və səyi ilə universitetin Tarix fakültəsində “tarixçi-şərqşünas”, “beynəlxalq münasibətlər tarixi”, “sosiologiya”, “psixologiya”, “etnopsixologiya”, “etnososiologiya” və başqa yeni ixtisaslar açılır, tələbə qəbulu artırılır. Azərbaycanın Maddi Mədəniyyət Tarixi, Tarixi Tədqiqatlarda Riyazi Üsullar, Tarixi Demoqrafiya kimi yeni laboratoriyalar açılır, tələbə arxeoloji ekspedisiyaları yaradılır, rayonlarda arxeoloji qazıntı işlərinə başlanır, “Azərbaycan tarixi” fənninin saatları artırılır, Tarix fakültəsində xarici dillərin tədrisinə diqqət yetirilir, türk, ərəb, fars qrupları yaradılır, qədim türk dillərinin, folklorunun tədrisinə başlanılır. 1989-cu ilin payızında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 70 illiyi Moskva, Leninqrad, Kiyev, Minsk, Daşkənd, Alma-Ata, Aşqabad, Tbilisi və başqa universitetlərin tarixçi alimlərinin iştirakı ilə İttifaq səviyyəsində qeyd olunur. Tarix fakültəsinin beynəlxalq əlaqələri daha da genişlənir. Tarix fakültəsinin Elmi Şurası bu dövrdə fakültə dekanı Yaqub Mahmudovun sədrliyi ilə universitetin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə o dövr üçün çox cəsarətli qərar çıxarır və bu barədə rektorluq qarşısında məsələ qaldırır. Nəticədə ədalət bərqərar olunaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, 1919-cu ildə olduğu kimi, yenidən Bakı Dövlət Universiteti adlandırılır. Bundan başqa, alim tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağdam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köhnə kənd, Qubadlı, Horadiz, Böyük Bəhmənli, Bala Bəhmənli, Füzuli və başqa döyüş məntəqələrinə gedir, gəncləri qəhrəmanlığa ruhlandırır. O, eyni zamanda, tez-tez mətbuat səhifələrində real vəziyyəti əks etdirən yazılarla çıxış edir, vətənin müdafiəsi üçün konkret təkliflər irəli sürür.

 

1990-cı ilin sonunda hakimiyyətdə olan rejimin təzyiqi ilə Yaqub Mahmudov Tarix fakültəsinin dekanı vəzifəsindən istefa verməyə məcbur olur. Başladığı işlər yarımçıq qalır. Tarix fakültəsində həyata keçirmiş olduğu islahatların nəticələri də aradan qaldırılır. Bütün bunlara baxmayaraq, zəhmətkeş alim keçirdiyi ağır mənəvi sarsıntı və təqiblər şəraitində öz elmi-pedaqoji fəaliyyətini davam etdirir. 1991-1992-ci illərdə Yaqub Mahmudov müstəqil Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində fəal iştirak edir. Onun başçılığı və bilavasitə əməyi ilə qabaqcıl dünya standartlarına uyğun olan yeni təhsil sisteminin əsasları hazırlanır. Yaqub Mahmudovun təqdimatı ilə Milli Məclis olduqca gərgin keçən müzakirələrdən sonra, 1992-ci ilin dekabrında “Azərbaycan Respublikasının Təhsil Qanunu"nu qəbul edir. Bununla müstəqil Azərbaycanın yeni təhsil sisteminin əsası qoyulur. Ali məktəblərdə təhsilin bakalavr və magistratura mərhələləri fəaliyyətə başlayır. Həmin dövrdə o, bir müddət Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini işləyir. Lakin alimə qarşı təzyiqlər davam etdirilir və o, bu vəzifədən də uzaqlaşdırılır.

 

Bütün bu ağır təqiblər şəraitində də Yaqub Mahmudov özünün cəsarətli çıxışları, o cümlədən publisistik yazıları ilə Azərbaycanı milli fəlakət həddinə çatdıran qüvvələrə qarşı səsini qaldırır, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olur, ölkə daxilindəki irticanın və xarici düşmənlərin Azərbaycanı bir dövlət kimi parçalayıb yox etmək planlarına qarşı qətiyyətlə çıxış edir, ziyalı borcunu yerinə yetirərək Vətəndaş müharibəsinin başlanmaqda olduğu və ilk qanlar axıdıldığı Navahı kəndinə gedir, qarşı duran qüvvələri barışığa çağırır, nicat yolunu təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə qaytarılmasında görür. O, vətəndaş qarşıdurması və qardaş qanı axıdılmasına qarşı müstəqil ziyalı mövqeyindən çıxış edir, həyatını təhlükə qarşısında qoyaraq ən qorxulu silahlı qarşıdurma yerlərinə gedib öz ziyalılıq borcunu yerinə yetirir, prezidentliyə namizəd Heydər Əliyevin Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündə xalq təhsili sistemi işçiləri adından çıxış edir.

 

Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması ilə 1990-cı ildə dekan vəzifəsindən uzaqlaşdırılmış Yaqub Mahmudov bu vəzifəyə bərpa olunur. Məhz Heydər Əliyev Yaqub Mahmudovun 1994-cü ilin əvvəlində BDU Tarix fakültəsinin dekanı vəzifəsinə qayıtmasına imkan yaradır. Yaqub Mahmudov ikinci dəfə BDU-nun Tarix fakültəsinə dekan təyin olunur və alim əsas diqqəti yenə Tarix fakültəsinin dirçəldilməsinə, kadr hazırlığının keyfiyyətcə yüksəldilməsinə, tədris planlarının təkmilləşdirilməsinə yönəldir. Yeni fənlər - “Azərbaycan toponimikası”, “Tarixi demoqrafiya”, “Altayşünaslığın əsasları”, “Beynəlxalq münasibətlər tarixi”, “Türk xalqları tarixi” tədris planına daxil edilir. Tarix təhsilinin bakalavr və magistr pillələri üçün 15 ixtisas üzrə yeni tədris planları hazırlayır. Tələbə qəbulu yenidən artırılır, o cümlədən regionşünaslıq ("Qafqazşünaslıq”, “Amerikaşünaslıq") ixtisasları açılır və müvafiq tədris planları hazırlanır. Yaqub Mahmudov 2004-cü ilədək BDU Tarix fakültəsinin dekanı vəzifəsində qalır, eyni zamanda, Qədim dünya və orta əsrlər tarixi kafedrasına rəhbərliyi də davam etdirir. Uzun illər ərzində Bakı Dövlət Universitetində, həmçinin Azərbaycan Elmlər Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər Akademiyasında) ixtisaslaşdırılmış namizədlik və doktorluq şuralarının elmi katibi, həmsədri və sədri kimi fəaliyyət göstərən, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, opponenti, rəyçisi olan Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasına böyük əmək sərf edir.

 

Yaqub Mahmudov Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Yunanıstan, İran, Koreya, Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və başqa ölkələrin müxtəlif şəhərlərində keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli toplantılarda, görüşlərdə iştirak və çıxışlar etmişdir. Yaqub Mahmudov geniş ictimai fəaliyyətlə məşğul olmaqda davam edir. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisinə II, III və IV çağırış deputat seçilmişdir. Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur. Azərbacyan Respublikasının Dövlət mükafatı laureatıdır.

 

Respublika Prezidenti İlham Əliyev Yaqub Mahmudovun Azərbaycan tarix elmi üçün xidmətlərini yüksək qiymətləndirərək 2004-cü ildə onu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsinə təyin edir. Yaqub Mahmudovun Azərbaycan tarixinin problemlərini bir alimin məktəbi çərçivəsində deyil, respublika miqyasında sistemli hala gətirərək təşkilatlandırması, heç şübhəsiz, onun AMEA Tarix İnstitutuna direktor təyin edilməsindən sonra daha geniş şəkil alır.

 

Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətində də əsaslı dönüş yaratmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının genişləndiyi şəraitdə institut rəhbərliyinə gələn Yaqub Mahmudov Azərbaycan tarixçi alimlərinin ermənilərin əsassız iddialarını ifşa etməsi işinə səfərbər olunmasında bu institutun rolunu və əhəmiyyətini yaxşı başa düşürdü. Ona görə də 2004-cü ildən başlayaraq institutda yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi zamanın tələbinə uyğunlaşdırılır. Azərbaycanda tarix elminin inkişafı prosesinə yeni münasibət və baxış formalaşmağa başlayır. Bu məqsədlə ilk növbədə elmin inkişafının təşkilati prinsipləri və yeni struktur formalarının yaradılması üzrə işlər qısa müddət sonra nəticələrini verir: Tarix İnstitutunda yeni mərkəzlər və şöbələr yaradılır. “Azərbaycanlıların deportasiyası və soyqırımı” mərkəzi və onun da tərkibində iki şöbə təşkil olunur. “Heydər Əliyev irsinin öyrənilməsi”, “İnformasiya və tərcümə” mərkəzləri açılır. Həm elmi, həm siyasi aktuallıq kəsb edən problemlərin araşdırılması ön plana çəkilir və bu sahədə fundamental əsərlərin nəşrinə nail olunur. Onun təşəbbüsü ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmiş, əsas diqqət Azərbaycanın ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin tarixinin araşdırılmasına yönəldilmiş, Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımları tarixi, habelə Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problemləri əsas və təxirəsalınmaz tədqiqat obyektlərinə çevrilmişdir. Alimin rəhbərliyi, məqsədyönlü fəaliyyəti və bilavasitə iştirakı ilə qısa müddət ərzində işıq üzü görmüş onlarla fundamental monoqrafiya Tarix İnstitutunu akademiyanın qabaqcıl institutları sırasına çıxarmışdır. Tarix İnstitutunun ölkə miqyasında nüfuzu artmış, beynəlxalq əlaqələri genişləndirilmişdir. Hazırda institutda elmi-struktur islahatlarının yeni mərhələsi başlanmışdır. Azərbaycan tarix elminin əldə etdiyi nailiyyətlərdə AMEA Tarix İnstitutu aparıcı yerdə durur və bu tədqiqat institutunun son illərdə apardığı nəhəng elmi fəaliyyət, heç şübhəsiz, Yaqub Mahmudovun milli təəssübkeşliyinin nəticəsi olmaq etibarilə Azərbaycan tarix elminin əldə etdiyi ən böyük uğurlardandır.

 

Yaqub Mahmudov ciddi tarixi araşdırma üçün mənbələrin önəmliyini nəzərə alaraq öz məktəbinin nümayəndələrindən də, rəhbərlik etdiyi Tarix İnstitutunun alimlərindən də öz əsərlərini mənbələrə, arxiv sənədlərinə istinadən yazmağı tövsiyə edir. Tarix İnstitutunun 2004-cü ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də elə mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycana əlçatmaz olan, xarici ölkələrdə toplanmış materialların aşkar edilib nəşr olunmasıdır. Bu məqsədlə Yaqub Mahmudov tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa, Hindistan kimi ölkələrə ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etmiş, eyni zamanda onların nəşrinə başlamışdır.

 

Bu gün Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli, elmi həllini gözləyən problemləri araşdırılır və elmi dövriyyəyə buraxılır. Bu baxımdan Tarix İnstitutunda son illərdə görülən işlər Yaqub Mahmudov məktəbinin fəaliyyətinin tərkib hissəsi sayılır. Yeri gəlmişkən, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - “Best Enterprises” diplomuna layiq görülmüşdür. 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsinin Dublin sammitində Yaqub Mahmudov böyük elmi nailiyyətinə görə “The Name in Science” ("Elmdə ad") fəxri titulu almışdır. Bununla da Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin ən məşhur elm adamlarının siyahısına daxil edilmişdir. 2013-cü ildə Yaqub Mahmudov Oksfordda keçirilən “Elm və təhsil” mövzusunda beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlük nümayiş etdirdiyinə görə “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür.

 

Yaqub Mahmudovun rəhbərlik etdiyi Tarix İnstitutu hər zaman tariximizə, onun tədqiqinə böyük qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri üzrə işləyir. Prezidentin elmimizin inkişafı, dünyaya tanıdılması üçün görmüş olduğu böyük işlər Tarix İnstitutunun kollektivi tərəfindən hər zaman böyük minnətdarlıqla qarşılanır. Prezident İlham Əliyev də bütün müvafiq çıxışlarında, o cümlədən AMEA-nın illik hesabatlarına və fəaliyyətinə həsr olunmuş tədbirlərdə Tarix İnstitutuna böyük diqqət ayırır. Cənab İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir” deyərək Tarix İnstitutuna çox yüksək qiymət vermişdir.

 

Aparılan böyük əməyin nəticəsidir ki, bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan tarix elminin başlıca qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzlərdən birinə çevrilmişdir. Bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan tarixi və dövlətçiliyi üçün böyük siyasi prinsipiallıq və elmi aktuallıq kəsb edən istiqamətlərdə araşdırmalar aparılır. Bu istiqamətlərdən bir neçəsinin üzərində xüsusi dayanmağa dəyər.

 

“İtirilmiş torpaqların tarixi” konsepsiyası müasir Azərbaycan tarixşünaslığında elmi və siyasi baxımdan, demək olar ki, eyni dərəcədə aktuallıq kəsb edən istiqamətlərdən biridir. Bu problemin elmi tərəfi Azərbaycanın tarixi ərazisi, sərhədləri, vilayətləri, siyasi və iqtisadi əlaqələrinin kompleks araşdırılması ilə bağlıdırsa, siyasi tərəfi - müasir dünyada sürətlə gedən inteqrasiya və qloballaşma prosesləri ilə paralel, millətlərin öz müqəddəratını təyinetmə hüququ və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinə riayət edilməsi şəraitində Azərbaycan xalqının öz tarixi torpaqlarına və tarixinə sahib çıxma zərurəti ilə əlaqəlidir.

 

Müasir Azərbaycan tarixşünaslığında “İtirilmiş torpaqların tarixi” probleminin elmi dövriyyəyə cəlb edilməsi və bu problemin araşdırılması istiqamətində eyniadlı konsepsiyanın yaranması bilavasitə Yaqub Mahmudovun adı ilə bağlıdır. Görkəmli tarixçinin çoxillik elmi fəaliyyəti, həmçinin məktəbinin nümayəndələri içərisində bu problemlə məşğul olan tarixçilər qrupunun təşkil edilməsi “İtirilmiş torpaqların tarixi” konsepsiyasının formalaşmasına, bu konsepsiya ətrafında və çərçivəsində elmi araşdırmaların yaranması müasir Azərbaycan tarix elminin böyük uğuru sayılmalıdır. Keçən qısa müddət ərzində Naxçıvanın, Qarabağın, Göyçə və Zəngəzurun, İrəvanın, Şimal-Qərbi Azərbaycanın, Borçalının tarixi ciddi şəkildə araşdırılmağa başlamış, fundamental tədqiqat əsərləri yazılmışdır. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı” adlı əsərlər Yaqub Mahmudovun və onun davamçılarının əzəli Azərbaycan torpaqlarının tarixinin obyektiv, həm də mötəbər mənbələr əsasında çoxillik araşdırmalarının nəticəsidir. Göstərilən tədqiqatlar həm də alimin Azərbaycan tarixinin dünya elmi ictimaiyyətinə olduğu kimi çatdırılması yolunda böyük bir uğurudur. Bu araşdırmaların daha bir özəlliyi - torpaqlarının bir hissəsinin işğal altında olduğu Azərbaycan üçün onların təkcə elmi deyil, həm də siyasi əhəmiyyət kəsb etməsi ilə bağlıdır.

 

Qarabağın, Naxçıvanın, İrəvanın əzəli Azərbaycan torpaqları olduğunu əvvəlki tədqiqatlarında da dəfələrlə tutarlı dəlillərlə sübuta yetirən Yaqub Mahmudov layihə rəhbəri, elmi redaktoru və həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı” adlı fundamental əsərlərdə özgə torpaqlarına yiyələnmək siyasəti aparan, Cənubi Qafqazı terror və soyqırımları təhlükəsi altında saxlayan, “böyük Ermənistan” xülyası ilə yaşayan erməni şovinistlərinin, o cümlədən tarixçilərinin saxta nəzəriyyələrinə və uydurma elmlərinə böyük zərbə vurmağı bacarmışdır. Hər üç əsər saxta erməni tarixşünaslığını yendirməyi bacarmış müasir Azərbaycan tarix elminin qələbəsidir. Bu qələbənin bariz sübutudur ki, Azərbaycan tarixi və Azərbaycan tarix elmi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq, hər üç kitab - “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Adıçəkilən tədqiqatlar, heç şübhəsiz, Azərbaycanın şanlı tarixinin dünya elminə qərəzsiz, obyektiv çatdırılmasına, həm də azərbaycançılığa xidmət edir.

 

Danılmaz bir faktdır ki, zamanın və bu zamanın yetişdirdiyi tarixi şəxsiyyətlərin xidmətlərini tarixçidən yaxşı heç kim öyrənə bilməz! Bu gün biz böyük tarixi tarixçilərin sayəsində bilirik; tarixçilərin xidmətidir ki, minilliklər boyunca zamanlar arasında əlaqə itməmişdir. XX yüzilliyin sonunda tarixi torpaqlarının bir hissəsində öz müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı zəngin tarixə, qədim dövlətçilik ənənələrinə və böyük mədəni irsə malikdir. Bu irsin layiqincə - milli ənənələrə sadiq qalmaq şərtilə dünya mədəniyyətinin və tarixinin tərkib hissəsi olaraq öyrənilməsi və nəsillərə ötürülməsi tarixçi üçün böyük məsuliyyət və fəxarətdir. Bu məsuliyyəti dərk edib böyük fəxarəti yaşamaq isə hər tarixçiyə nəsib olmur. Yaqub Mahmudov əsl tarixçi kimi adı böyük hərflərlə yazılacaq AZƏRBAYCANLI HEYDƏR ƏLİYEV haqqında ilk tədqiqatların da müəllifidir.

 

“Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı əsərində Yaqub Mahmudov müasir Azərbaycanın böyük şəxsiyyəti olan Heydər Əliyevin fədakar ömür yolunu, tarixi xidmətlərini, irsinin müasir Azərbaycan üçün əvəzedilməz rolunu tədqiq etmişdir; XX yüzillikdəki siyasi keşməkeşlər və bu ağır problemlərin yükü ilə qarşılaşmış Azərbaycan xalqının xilas yolunun Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir. Azərbaycan intibahının müasir mərhələsini Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru, Şarl de Qolla müqayisə edərək onu “Bütün Zamanların Böyük Azərbaycanlısı” və “Böyük Azərbaycançı” adlandırır, Heydər Əliyev şəxsiyyətinə obyektiv tarixçi qiyməti verir. Bu səbəbdən adıçəkilən əsər Heydər Əliyev irsinin gələcək nəsillərə hərtərəfli, istisnasız çatdırılması üçün də gərəkli vasitədir.

 

Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı fundamental monoqrafiyası müasir dövlətçiliyimizin, müasir milli dirçəlişimizin əsaslarını yaratmış, öz fəaliyyəti ilə onilliklər deyil, yüzilliklər üçün böyük irs qoymuş - Azərbaycan xalqının böyük tarixi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin dahi siyasətinə və Azərbaycanın yeni intibah dövrü tarixinə həsr olunmuşdur. “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monoqrafiyasında Heydər Əliyev şəxsiyyətini və Heydər Əliyev irsini Azərbaycanın qədim dövrdən başlayaraq XXI yüzilliyə qədər gəlib çıxan böyük, şanlı, zəngin dövlətçilik tarixi fonunda araşdıran Yaqub Mahmudov kitabında, əslində, Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim etmişdir. Bu konsepsiya Azərbaycan xalqının unikallığı və təkrarsızlığı, geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu faktına söykənir. Yaqub Mahmudovun Heydər Əliyev irsi ilə bağlı yazdığı bütün əsərləri, o cümlədən Azərbaycan, rus və Ukrayna dillərində nəşr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı kitabı Heydər Əliyev kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin qorunması və əbədi yaşaması üçün yeganə təminat olduğunu bir daha təsdiqləyir və eyni zamanda tarixşünaslığımız üçün də böyük elmi əhəmiyyət kəsb edir.

 

Bu gün qloballaşan dünyada inteqrasiya prosesləri sürətlə getsə də, elmdə mərkəzçilik yenə də saxlanmaqdadır: tarix elmi, müəyyən mənada, hələ də Avropanın elmi məktəb və cərəyanlarının təsiri altında qalmaqdadır və Şərq tarixçilərinin əsərlərinin dünya elmi ictimaiyyətinə çatdırılması, ən əsası isə, bu ictimaiyyət tərəfindən qəbul edilməsi çox çətindir. Hələ bu əsərlər milli ruhda yazılıbsa, onların Qərbin skeptik alimləri tərəfindən necə qarşılandığı hamıya məlumdur. Müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycanın tarixçi aliminin isə başlıca missiyası - Azərbaycan tarixinin real həqiqətlərini dünya elminə çatdırmaq, Azərbaycan xalqının Qafqazın aborigen əhalisi olduğunu sübut etmək, tarixi Azərbaycan torpaqlarının coğrafiyasını elmi dəlillərlə əsaslandırmaq, Azərbaycan dövlətlərinin beynəlxalq münasibətlərdə aparıcı rollardan birini oynadığını mənbələrin danılmaz faktları ilə təsdiqləmək, Azərbaycanın dünyanın periferiyası deyil, sivilizasiya mərkəzlərindən biri olduğunu göstərməkdir. Fəaliyyəti ümumbəşəri dəyərlərin təbliğinə, milli ideologiyaya, milli ruha xidmət edən Yaqub Mahmudovun elmi araşdırmaları və elmi məktəbi bu gün təkcə keçmiş SSRİ məkanında, İranda, Türkiyədə deyil, Avropa ölkələrində, ABŞ-da, Cənubi Koreyada da tanınmışdır. Tədqiqatlarının bir çoxu həm də rus dilində nəşr olunmuş Yaqub Mahmudovun fundamental əsərinin - “Azərbaycan və Avropa” adlı monoqrafiyasının 2010-cu ildə Londonda və Nyu-Yorkda ingilis dilində böyük tirajla nəşr olunması Azərbaycanın tarix elmi üçün böyük hadisə sayıla bilər. Bu fundamental əsər ilk növbədə Qərb şərqşünaslarının və mediyevistlərinin marağına səbəb olmuşdur: çünki bu əsərdə avropalıların Şərq tarixçilərinin əsərlərində adət etdikləri və bu səbəbdən də ciddi qəbul olunmayan təəssübkeş şərqli fikirlərinə bənzər məqamlar və ya müsəlman monarxiyalarının fəthlərinin tərifi yoxdur. Eyni zamanda, həmin tədqiqatda avropamərkəzçiliklə barışan liberal fikirlərə də rast gəlinmir. Yaqub Mahmudovun əsəri sırf elmi tədqiqatdır və bu səbəbdən də istər elmi ictimaiyyət, istərsə də geniş ingilisdilli oxucu auditoriyası tərəfindən dərhal qəbul edilmişdir. Yaqub Mahmudovun “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü” adlı əsərinin ingilis dilinə tərcüməsi də Londonda nəşr edilmişdir. Kitabda Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini doğuran tarixi şərait, Qərb ölkələri ilə diplomatik əlaqələrimiz, Avropanın Şərq siyasətinin mahiyyəti araşdırılmışdır. Əsərin ən önəmli tərəfi - müəllifin Azərbaycanın XV əsrin beynəlxalq münasibətlərində aparıcı rol oynamasını üzə çıxarmasıdır. Kitabda, həmçinin, tarixşünaslıqda ilk dəfə Y.Mahmudov tərəfindən Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı qəsbkarlıq planları, onların xarici siyasətlərinin müstəmləkəçilik mahiyyəti, Şərqə zorla nüfuzetmə cəhdləri XV əsrin beynəlxalq münasibətlərinin səciyyəvi cəhətləri kimi göstərilir.

 

Azərbaycan tarix elminin dünyada tanınması üçün Yaqub Mahmudovun xidmətləri, şübhəsiz, böyükdür. Alimin xaricdə - Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Afina, Bern, Cenevrə, Brüssel, Stokholm, Budapeşt, Venesiya, Roma, Moskva, Sankt-Peterburq, Kiyev, Kayseri, Tehran, Təbriz, Seul, Hoseo, Pusan, Manila və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda və toplantılarda onlarla məruzəsi dinlənilmiş, əsərləri rus, Ukrayna, türk, ingilis, macar, Koreya dillərində çap edilmişdir.

 

Bu gün Azərbaycan tarixçisinin əsərləri Yaqub Mahmudovun müxtəlif xarici dillərdə nəşr edilən kitablarının timsalında dünyada tanınır və Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini layiqincə təmsil edir.

Teymur Bünyadov, akademik,

Tamilla Musayeva, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı

Sani Hacıyev, tarix elmləri doktoru, professor

"Azərbaycan" qəzeti, 7 fevral 2014-cü il

  • Paylaş: