Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
17.11.2016 09:13
  • A-
  • A
  • A+

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 16-da AMEA Nizami adına Ədəbiyyat İntitutunda bu elmi müəssisənin və Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunan “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında geniş məlumat verib.  Akademik İsa Həbibbəyli Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılmasını əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-özbək ədəbi, mədəni əlaqələrinin inkişafına bir nümunə olduğunu  söyləyib. Hər iki ədəbiyyatın qarşılıqlı tədqiqinə və ədəbi əlaqələrin daha da inkişaf etməsinə imakanlar yaratması baxımından akademik İsa Həbibbəyli konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Şerzod Fayziyev Azərbaycan-Özbəkistan ədəbi, mədəni əlaqələrinin əhəmiyyətindən söz açıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında məruzə edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əmir Əlişir Nəvai ədəbi xəzinəsinin inciləri”,  Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri fil.ü.f.d., dosent Gülbahar Aşurovanın “Tarixə nəzər və müstəqillik dövrü nəvaişünaslığı”, fil.f.d. Akif Bağırovun “Nəvai və intibah”, f.e.d. Yaşar Qasımbəylinin “Əlişir Nəvai və XIII-XIV əsrlər özbək poeziyası”, fil.f.d. Siracəddin Hacının “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Nəvainin “Heyrət ül-əbrar” poemalarının müqayisəli təhlili” mövzusunda məruzələri dinlənib.

Sonda Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan yeni kitablar qonaqlara hədiyyə olunub. Həmçinin Özbəkistan səfirliyi və Nizami adına Daşkənd Dövlət Pedoqoji Universiteti adından  akademik İsa Həbibbəyliyə hədiyyə və kitablar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: