Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması”  mövzusunda növbəti seminar keçirilib
21.11.2016 10:38
  • A-
  • A
  • A+

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib

Noyabrın 18-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçirilən seminar AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurası  və  Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib. Dövlətimiz tərəfindən elmin inkişafına göstərilən diqqət və qayğıdan söz açan V.Babayev bildirib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması bunun bariz nümunəsidir. O, bölmənin alim və mütəxəssislərini YTP-nın gələcək fəaliyyətində daha yaxından iştirak etməyə, öz innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.

Sonra "AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili" mövzusunda məruzə ilə çıxış edən həmin şöbənin baş mütəxəssisi Samir Vəliyev innovasiya fəaliyyəti, xüsusilə AMEA-da elmin kommersiyalaşdırılması üzrə görülən işlər və hazırlanan mexanizmlər barədə məlumat verib. Təqdimatda YTP və ümumilikdə AMEA-da innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, ideyadan istehsalata tətbiq oluna biləcək rəqabətədavamlı hazır məhsulun istehsalı və mövcud infrastrukturdan bəhs olunub.

"Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu" adlı məruzəsində Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb. Bildirib ki, patent və əqli mülkiyyət hüquqlarının qorunmasından daha önəmli amil onların tətbiq edilə bilməsidir.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqram və Layihələr sektorunun rəhbəri Arif Nəcimov təqdimatla çıxış edib. Beynəlxalq proqram və layihələrin önəmindən danışan natiq Avropa Komissiyasının “HORİZON-2020” və “Erasmus+ KA2” kimi çərçivə proqramlarında iştirakın vacibliyini vurğulayıb.

Sonda Azərbaycan Dövlət Pedagoji Universitetinin Elm və İnnovasiyalar şöbəsinin müdiri, f.-r.e.n. Yaşar Hüseynəliyev çıxış edərək elmlə təhsilin vəhdətinin zəruriliyindən danışıb.

Növbəti seminar 24 noyabr tarixində Biologiya və Tibb Elmləri Bölməsi üzrə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: