Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2016 15:07
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycan sirkinin 70 illik yubileyi qeyd olundu

AMEA-da Azərbaycan sirkinin 70 illik yubileyi qeyd olundu

Noyabrın 24-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti – 70” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq Azərbaycanda peşəkar sirk sənətinin inkişaf tarixindən danışıb. Ə.Salamzadə qeyd edib ki, respublikamızda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi yaxın keçmişə təsadüf edir. Onun sözlərinə görə, dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində olub.

“Azərbaycanda peşəkar sirk sənətinin inkişaf yolları” adlı məruzə ilə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov milli sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivlərindən danışıb.

Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə “Bakı Dövlət Sirki milli sirk sənətinin inkişafında rolu” adlı məruzədə rəhbərlik etdiyi qurumun milli sirk sənətinin inkişafındakı rolundan bəhs edib.

Daha sonra yazıçı-publisist, “Qızıl qələm” mükafatçısı Şərif Kərimli öz çıxışında Azərbaycan sirk pəhləvanlarının fəaliyyətindən danışaraq maraqlı məqamlara toxunub.

Konfransda “Milli sirk sənətində musiqi”, “Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” mövzularında məruzələr dinlənilib.

Tədbir çərçivəsində “Bu Azərbaycan sirkidir” adlı sənədli film də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: