Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Zakir Qarayevin 75 yaşı tamam olur
25.11.2016 15:09
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zakir Qarayevin 75 yaşı tamam olur

Noyabrın 27-də tanınmış alim, Əməkdar elm xadimi,  AMEA-nın müxbir üzvü, professor Zakir Qarayevin 75 yaşı tamam olur.

Zakir Qarayev 1941-ci ildə Qərbi Azərbaycanın (Ermənistan SSR) Dilican mahalının Göyərçin kəndində ana­dan olmuşdur. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) Sanitariya-gigiyena fakültəsini bitirmişdir.

Zakir Qarayev 1968-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1974-cü ildə tibb elmləri doktoru elmi də­rə­cələrini, 1990-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə mahalında başlayan alim 1968-1974-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat laboratoriyasında direktor, 1974-1975-ci illərdə Leninqrad şəhərində Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır. 1975-1982-ci illərdə həmin laboratoriyanın direktoru, 1982-1993-cü illərdə SSRİ Səhiyyə Nazir­liyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru işləmişdir. O, həmçinin 1993-1994-cü illərdə Azərbaycan Respub­likası Elmi Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnsti­tutunun direktoru, 2001-2004-cü illərdə İstanbul Universitetində Tibb fakültəsinin Mikro­biologiya və immunologiya kafedrasının professoru kimi fəaliyyət göstəmişdir. 2004-cü ildən Azərbaycan Dövlət Tibb Univer­sitetinin Mikrobiologiya və immunologiya kafedrasının müdiridir.

Z.Qarayev müxtəlif mikroorqanizmlərin, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən insan orqanizmdə baş verən immun çatışmazlıqlarının və ikincili infek­siyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olmuşdur.

O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Alimin T.Əliyevlə birgə mikroloji xəstəliklərin diaq­nostikası və müalicəsi haqqında yazdıqları “Tibbi mikologiya”  adlı kitab respublikada bu istiqamətdə yazılmış yeganə əsərdir.

Z.Qarayevin elmi rəhbərliyi ilə 70 elmlər namizədi, 21 elmlər doktoru hazırlanmışdır.

Alim Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şura­sının sədri, 2010-cu ildən “İnfeksiya və immunitet” jurnalının baş redaktoru, Sankt-Peterburq şəhərində nəşr olunan “ВИЧ-инфекция и иммуно­су­прессии” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqreslər təşkil etmiş, 1-4 oktyabr 2009-cu il tarixlərində Bakıda 23 ölkəni təmsil edən 300-dən çox alimin iştirakı ilə “III Avra­siya Klinik mikrobiologiya, immunologiya və infeksion xəstəliklər” beynəlxalq konqresinin prezidenti və təşkilatçısı olmuşdur. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur.

Görkəmli alim 2010-cu ildə “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: