Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.11.2016 13:22
  • A-
  • A
  • A+

AMEA ilə İtaliyanın “Skaravatti Qrup” şirkəti pilot layihə həyata keçirəcək

AMEA ilə İtaliyanın “Skaravatti Qrup” şirkəti pilot layihə həyata keçirəcək

AMEA Təcrübə-Sənaye Zavodunda (TSZ) “Skaravatti Qrup” şirkətinin prezidenti, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının direktorları, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.

Öncə AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihənin həyata keçirilməsinə dair müzakirələr aparmaqdır. O, “Skaravatti qrup”unun Zoologiya İnstitutu ilə əməkdaşlığını yüksək qiymətləndirərək onların təklif etdiyi yeni texnologiyanın həm AMEA-nın Yüksək Texnologiyalar Parkında, həm də akademiyanın digər müvafiq müəssisələrində tətbiq edilə biləcəyini qeyd edib.

Sonra Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov çıxış edərək 200 ildən çoxdur ki, fəaliyyət göstərən “Skaravatti Qrup” şirkətinin   biologiya və landşaft dizaynı ilə məşğul olduğunu söyləyib. İtaliyanın Sardiniya adasında yerləşən qurumun həm elmi-texniki, həm də molekulyar genetik tədqiqatlar sahəsində mühüm nailiyyətləri olduğunu bildirib. O, rəhbərlik etdiyi institutun təxminən 8 ildir ki, bu təşkilatla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.

Sonra professor R.Skaravatti təmsil etdiyi şirkət haqqında təqdimatla çıxış edib. “Elmi texnologiyaların istehsalata tətbiqi qurumun əsas fəaliyyət istiqamətlərindəndir” - deyə bildirən məruzəçi  şirkətdə aparılan tədqiqatlar və həyata keçirilən layihələr barədə danışıb.  

Sonra R.Skaravatti şirkətdə istifadəyə verilən yeni texnologiya haqqında məlumat verib. Bildirib ki, innovativ və ekoloji təmiz texnologiya kimyəvi və neft məhsulları ilə çirklənmiş torpaq və su resurslarını sürətli təmizləməyə imkan verir. Ənənəvi texnologiyalarda kimyəvi maddələrdən istifadə edilirdisə, yeni texnologiyanın əsas komponenti qoyun yununun tullantısıdır: “Digər texnologiyalar olduqca bahadır.  Yeni texnologiyada isə istifadə edilən xammal tullantı olduğundan çox ucuz başa gəlir. Alternativ üsullarla yalnız 3-5 ilə nəticə əldə olunurdusa, yeni texnologiya vasitəsilə artıq 6-cı gün təmizlənmə baş verir”.

O, AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə əməkdaşlıq çərçivəsində görüləcək işlərdən söz açaraq, bölmənin bütün institutlarını bu layihədə iştiraka dəvət edib.

Bildirib ki, yeni texnologiyanın Azərbaycanda da tətbiqini nəzərdə tutan pilot layihə çərçivəsində Genetik Ehtiyatlar İnstitutunun iştirakı ilə ölkədə mövcud olan 15-ə yaxın yerli qoyun cinsinin yunları üzərində təcrübə aparılacaq. Zoologiya İnstitutunun mütəxəssisləri yunun biokimyəvi tərkibini öyrənəcək. Torpaqşünaslıq və Aqrokimya İnstitutu isə torpağın əvvəlki və son vəziyyətinə dair təhlillər aparacaq. Ən zərərli və çirkli ərazilərdən nümunələr götürülərək DNT analizi ediləcək.

Sonda iki qurum arasında əməkdaşlıq perpektivləri və pilot layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: