Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2016 17:54
  • A-
  • A
  • A+

AMEA ilə AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum imzalanıb

AMEA ilə AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum imzalanıb

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında memorandum imzalanıb.

Memorandumun məqsədi elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyənləşdirməkdir.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə memorandumdan irəli gələn məsələlər və görüləcək tədbirlər barədə məlumat verib. Konfederasiya ilə əlaqələri yüksək qiymətləndirən AMEA rəhbəri bildirib ki, bu əməkdaşlıq ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

AMEA-nın biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirdiyini deyən akademik Akif Əlizadə əməkdaşlığın bu yöndə fəaliyyətə, texnoloji, elmtutumlu milli məhsulların istehsalına və ölkədə intellektual biznesin formalaşdırılmasına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonra çıxış edən ASK-nın prezidenti Məmməd Musayev təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, ASK Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verən, sahibkarların fəaliyyətini əlaqələndirən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək edən bir qurumdur. Konfederasiya prezidenti ASK-nın ölkənin yüksək iqtisadi səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə uğurlu inteqrasiyası üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. ASK-nın sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatların üzvü olduğunu, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Bu gün Azərbaycanda ümumilikdə 600 min sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini söyləyən ASK prezidenti onlardan 100 minə yaxınının hüququ şəxslər, qalanlarının isə fiziki şəxslərə aid olduğunu qeyd edib. Bildirib ki, sahibkarlıq fəaliyyəti ilə rəsmi qeydiyyatdan keçən qurumlar məşğul olurlar.

Hazırda ölkədə elm sahəsinə yeni yanaşmanın formalaşdığını qeyd edən M.Musayev AMEA ilə əməkdaşlığı elmlə biznesin bütünləşməsi baxımından mühüm addım kimi qiymətləndirib. Gələcəkdə elm-biznes sektorunun inkişafını təmin etmək üçün elm adamlarının sahibkarlarla birgə fəaliyyətinə böyük ehtiyac yarandığını vurğulayıb.

Tədbirdə məhsulların istehsalında elmi nailiyyətlərin tətbiqi, elmi-texniki xidmətlərin göstərilməsi, yüksəkixtisaslı kadr hazırlığında elm, təhsil və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində AMEA ilə ASK-nın birgə inkişaf proqramlarının hazırlanması, sahibkarlığa dair konfederasiyanın təcrübəsinin öyrənilməsi və digər prioritetlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müzakirə olunan məsələlər ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər  İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov, “Neuron Technologies” MMC-nin direktoru İsmayıl Ələkbərov, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay və digərləri çıxış edərək, qurumlar arasında əməkdaşlığın elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda iki qurum arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: