Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Akif Əlizadə: Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır
21.12.2016 15:21
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Elm və təhsil: problemlər və perspektivlər" mövzulu məruzə ilə çıxış edib. Akademik bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən akademik Akif Əlizadə institutlarda təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik Akif Əlizadə AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac olduğunu bildirib: "Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır".

Akademik vurğulayıb ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialının olduğunu deyən AMEA rəhbəri yüksək texnologiyalar, nano-, bio-, info-, nüvə texnologiyaları ilə bağlı tədqiqat aparan akademik qurumlarımızın qapılarının ali təhsil müəssisələrinin müəllimləri ilə yanaşı, tələbələrinin də üzünə həmişə açıq olduğunu qeyd edib.

Akademik Akif Əlizadə elmi fəaliyyət sahəsində prioritetlərin vacib məsələ olduğunu bildirib: "Müstəqillik əldə etdikdən sonra ölkəmizdə sosial-iqtisadi inkişaf istiqamətləri və müasir dünyanın çağırışları ilə şərtlənən bir sıra mühüm elmi məsələlər müəyyənləşdirilib. Bunların bir qismi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Elmin İnkişafı üzrə Milli Strategiyada öz əksini tapıb. Gələcək fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcək digər elmi prioritetləri isə Elmin İnkişaf Doktrinasının layihəsində müəyyənləşdirmişik".

Son illər dövlətin bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə "Elm haqqında" Qanunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmasını mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, sənəddə yeniliklərdən biri ölkə başçısının bilavasitə təşəbbüsü ilə magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsidir. Vacib məqamlardan digərinin isə elmi fəaliyyətin akkreditasiyası ilə bağlı olduğunu deyən AMEA rəhbəri hazırda bununla bağlı müvafiq mexanizmlərin hazırlandığını diqqətə çatdırıb.

Akademik Qanunun qarşıya qoyduğu ən mühüm vəzifələrdən birinin də "tədqiqat universiteti" statusunun müəyyənləşdirilməsi ilə bağlı olduğunu söyləyib: "Hesab edirəm ki, tədqiqat universiteti elm və təhsilin inteqrasiyasının olduqca uğurlu bir modelidir. Hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirilməsi üçün xüsusi komissiya fəaliyyət göstərir".

Elmin populyarlaşdırılmasından danışan akademik Akif Əlizadə elmə marağın artırılması məqsədilə AMEA-nın elmi müəssisələrində maarifləndirmə işinə diqqəti artırmaq, görülən işlər, laboratoriyalar, cihazlar, elmi yeniliklər, əldə olunmuş mühüm nailiyyətlər haqqında ictimaiyyətə geniş məlumat vermək üçün açıq qapı günlərinin təşkili, gənclərin elmə cəlb edilməsi istiqamətində digər maarifləndirmə işlərinin aparılması ilə bağlı tövsiyələrini verib.

Ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən akademik Akif Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: