www.science.az
22.12.2016 12:50

"Milli faunamız uşaqların gözü ilə" rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi olub

Bu gün Mərkəzi Elmi Kitabxanada AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan "Milli faunamız uşaqların gözü ilə" rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi olub. 

Balaca fırça ustalarının əl işlərinin nümayiş olunduğu sərgi Zoologiya İnstitutunun və "Əlifba" Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirdə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Elşad Əhmədov gənc nəslin təbiəti duymasında, zəngin flora və faunaya malik ölkəmizin tanıdılmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıb, xüsusilə iqlim dəyişikliyinin baş verdiyi indiki dövrdə ətraf mühiti qorumağın vacibliyini diqqətə çatdırıb. E.Əhmədov gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayıb.

Sonra "Əlifba" Tədris Mərkəzinin direktoru Sevda Əliyeva çıxış edərək sərginin təşkilinə görə Zoologiya İnstitutuna təşəkkürünü bildirib. Qeyd edib ki, sərgidə 28 şagirdin rəsm əsəri nümayiş olunur. Mükafata layiq görülən rəsmlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Arif Qazıyev tərəfindən seçilib.

Açılışdan sonra qonaqlar sərgiyə baxıblar. Onlara Azərbaycanın füsunkar təbiətini əks etdirən eksponatlar barədə məlumat verilib.

Sonda rəsm əsərlərinin müəlliflərinə hədiyyə və sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.