Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib
23.12.2016 15:18
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib

Dekabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Azərbaycan ədəbiyyatı fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaqdır.

Sonra kitabxananın Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova təqdimatla çıxış edib. Sovet dönəmində hakim ideologiyanın təsiri, rusdilli əhalinin çoxluğu, milli dildə kitab nəşrinin azlığı və digər səbəblərdən Azərbaycan dilində ədəbiyyata az müraciət olunduğunu deyən X.İsmayılova müasir dövrdə isə oxucuların sayının atdığını bildirib. Təqdimatda MEK-in Azərbaycan dilində ədəbiyyat fondunda 90 minə yaxın kitabın mühafizə olunduğu qeyd edilib.

“Məhsəti şairlər məclisi” idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman qadın yazıçıların kitab sərgilərinin keçirilməsi, əsərlərinin dərsliklərə salınması təklifi ilə çıxış edib.

Daha sonra Fəridə Ləman və “Məhsəti şairlər məclisi”nin digər üzvləri müəllifi olduqları kitabları MEK-ə hədiyyə ediblər.

N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad təqdimatın keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Təqdim olunan kitabların ölkəmizin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu il nəşr olunmuş 5 kitabını kitabxanaya hədiyyə edib.

Cənubi Azərbaycandan qonaq gəlmiş araşdırmaçı Məhəmməd Bəhmənifər İran kitabxanalarında mövcud olan türk ədəbiyyatı nümunələrinin tədqiqinin vacibliyindən, tarixə işıq tutacaq yeni mənbələrin aşkarlanmasının əhəmiyyətindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: