www.science.az
10.01.2017 11:58

AMEA prezidenti magistrantların imtahan prosesi ilə tanış olub

Məlumdur ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən bu qurumun magistrantları üçün qış imtahan sessiyası 29 dekabr 2016-cı il - 2 fevral 2017-ci il tarixlərinədək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 197 fənndən imtahan keçiriləcək. Bu günədək 40-a yaxın imtahan şəffaf və obyektiv şəkildə keçirilmişdir.

Bu gün akademik A.Əlizadə AMEA-nın FizikaƏlyazmalar institutlarında magistrantların imtahan prosesi ilə tanış olub. Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov və ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov da iştirak edirdi.

Akademik A.Əlizadə Fizika İnsitututunda I kursda təhsil alan  “Fizikada riyazi metodlar” fənni üzrə 8 magistrantın,  Əlyazmalar instititunda isə “Tətbiqi kulturologiya” fənni üzrə təhsil alan 3 magistrantın imtahan prosesi ilə tanış olub.  

Alim AMEA-da magistratura pilləsinin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu addımın ölkədə elm və təhsilin inteqrasiyasına xidmət etdiyini qeyd edib. AMEA-da təhsil alan magistrantları elmi mühitdən yararlanmağa, akademik biliklər əldə etməyə və fəal olmağa səsləyib, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.