Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2017 13:12
  • A-
  • A
  • A+

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Yanvarın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə “Qanlı yanvardan istiqlala gedən yol” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov xalqımızın mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırıb. O, 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb.

"Qəhrəmanlığın bədii salnaməsi: şəhidlərimiz şeirimizdə" mövzusunda məruzə edən akademik R.Hüseynov qeyd edib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

“20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir” – deyən R.Hüseynov bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub.

Daha sonra fil.ü.e.d. Şəfəq Əlibəylinin "Azərbaycan qadını Vətənin müstəqillik yollarında", fil.ü.e.d., prof. Kamil Allahyarovun "20 Yanvar Azərbaycan tarixinin həm qəhrəmanlıq, həm də faciəvi bir səhifəsidir" mövzusunda məruzələri dinlənilib.

Çıxış edənlər 20 Yanvarın Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunan sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: