Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2017 17:02
  • A-
  • A
  • A+

Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Yanvarın 18-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov "Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. Akademik Fəxrəddin Qədirov bölmənin elmi fəaliyyətinin geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldildiyini diqqətə çatdırıb. Bildirib ki, YEB-də Geologiya və geofizika, geodinamika və geoloji təhlükələr, Neft-qaz yataqlarının işlənilməsi, Coğrafiya, Ekologiya və Xəzər dənizi seksiyaları və alternativ enerji, Təbii resurslar, ətraf mühitin qorunması və ekologiya, Təbii fəlakətlər və proqnoz kimi komissiyalar fəaliyyət göstərir.

Alim qeyd edib ki, bölmədə çökmə hövzələrinin təkamülü və quruluşu, palçıq vulkanizmi, neft və qazın geologiyası və geokimyasının fundamental problemləri, neft-qaz yataqlarının işlənilməsi, yerin geofiziki sahələri və təbiəti, müasir geodinamika və seysmologiya, geoloji təhlükələrin proqnozlaşdırılması, alternativ enerji mənbələri, tətbiqi geologiya və geofizika, Xəzər dənizi ekosisteminin kompleks öyrənilməsi, landşaft dəyişmələrinin dinamikası, iqlim dəyişmələri və demoqrafiya kimi prioritet istiqamətlərdə tədqiqat işləri aparılıb.

Akademik məruzəsində son dövrlərdə müvafiq elm sahələrinin müxtəlif istiqamətləri üzrə əldə edilmiş mühüm nəticələr haqqında geniş məlumat verib: "Bölmədə multidissiplinar tədqiqatlara xüsusi önəm verilir. "Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi", "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması", "Azərbaycanın Günəş Enerjisi Atlası" elmi-tədqiqat proqramlarının icrası davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi 2017-ci ildən başlayaraq gələcək dövr üçün elmi tədqiqat müəssisələrinin modernləşdirilməsi, strukturunun prioritet istiqamətlərə uyğun olaraq yenilənməsi və yüksək texnologiyaların tətbiqi, beynəlxalq elmi mərkəzlərlə əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması, elm və təhsilin intensiv inteqrasiyası, kadr hazırlığına xarici elm mərkəzlərinin cəlb edilməsi və digər işlər nəzərdə tutulur".

F.Qədirov müstəqillik dövründə bölmədə dörd Dövlət Proqramının yerinə yetirildiyini, xaricdə mütəmadi olaraq elmi əsərlərin nəşr edildiyini, həmçinin son beş ildə yer elmləri sahələrində fəaliyyət göstərən institutlar və əməkdaşların Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, beynəlxalq regional və milli mərkəzlərin müsabiqələrində qalib gələrək 42 qrant layihəsi üzrə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

Akademik qeyd edib ki, XXI əsrin çağırışlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu prioritet vəzifələri rəhbər tutaraq yaxın illərdə geoekoloji problemlər; geoloji proseslərin fiziki-riyazi modelləşdirilməsi; çökmə hövzələrinin təkamülü, quruluşu və modeli; faydalı qazıntı yataqlarının genetik xüsusiyyətləri, yaranma və yerləşmə qanunauyğunluqları; su resursları, yeraltı və səth sularının dinamikası və qorunması; müasir geodinamika, Yer qabığının hərəkəti, aktiv tektonik deformasiyalar, kosmik geodinamikanın GPS və INSAR metodları; palçıq vulkanizmi və onların geoloji-geofiziki və geodinamiki modeli, monitorinq və aktivlik proqnozu; intellektual yataqların fundamental tədqiqatı; qaz hidrat yataqlarının elmi araşdırılması sahəsində fundamental tədqiqatların aparılması planlaşdırılır. Həmçinin landşaft dəyişmələrinin dinamikası, geofiziki və geokimyəvi xüsusiyyətləri; Xəzərin ekoloji problemləri, kompleks fiziki-соğrafi modelinin yaradılması; insan coğrafiyası (demoqrafiya); qlobal və regional iqlim dəyişkənliyi və biosfera; seysmik monitorinq və seysmik təhlükə; seysmotomoqrafiya tədqiqatları; qazıntı halında tapılan insan, heyvan və bitki qalıqlarının DNT analizi və müasir növlərlə müqayisəsi; arxegeologiya və arxezoologiya tədqiqatları və digər istiqamətlərdə işlər həyata keçiriləcək.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, qeyd olunan perspektiv istiqamətlər gələcək fəaliyyət üçün əsas kimi qəbul edilib. Bölmənin institutlarının elmi fəaliyyətinin səmərəliyini yüksəltmək məqsədilə ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi və inteqrasiyasının təşkili, həmçinin perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Hesabat dinlədikdən sonra təsdiq olunub. Rəyasət Heyəti Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, viki-qrupların fəaliyyətinin maddi-texniki təminatının gücləndirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutun Viki Mərkəzi tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarında təşkil edilən təlim kurslarının davam etdirilməsi barədə tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərdən biri də “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı ilə bağlı olub. Bildirilib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin multi­dis­siplinar əsaslarla tədqiqi istiqamətində son zamanlar AMEA-nın müvafiq elmi tədqiqat müəssisələri  ilə "Azər­il­mə" MMC arasında əməkdaşlıq münasibətləri genişlənib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, xalçaçılıq sahəsindəki tədqiqatların elmi nəticələrinin koor­di­na­siyalı şəkildə geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan, rus, ingilis dillə­rin­də nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının AMEA Rəyasət Heyəti və "Azərilmə" MMC-nin birgə təsisçiliyi ilə nəşr edilməsi qərara alınıb. Jurnalın yeni tərkibdə Re­dak­si­ya heyəti təsdiqlənib.

Gündəlikdə əksini tapan digər məsələlər AMEA-nın müşaviri, akademik Qərib Məmmədovun 70 illik,  AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmostratiqrafiya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun 80 illik, Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin isə 70 illik yubileyləri haqqında olub. Azərbaycan elminin inkişafındakı xid­mət­lə­rini nəzərə alaraq alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi və yubileylərinə həsr olunmuş elmi konfransların keçirilməsi barədə Rəyasət Heyəti qərarlar verib.

Sonra AMEA-nın müxbir üzvü Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təkliflərindən ibarət Tədbirlər planı təsdiq edilib.

Tədbirdə, həmçinin AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının yaradılması və Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rəcəb İsmayıllının Almaniya Federativ Respublikasının Zigen Universitetinə ezam olunması haqqında qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: