Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib
18.01.2017 15:45
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib

Yanvarın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə dilçi alimlər və sayt rəhbərləri ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-də və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Baba Məhərrəmli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. Alim bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

Tədbirdə çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, fil.ü.f.d., dos. Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə davamlı şəkildə monitorinqlərin keçirildiyini, hazırda Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparıldığını qeyd edib.

Daha sonra institutun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: