Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutunda “Azərbaycan tarixi” üçcildliyi nəşr ediləcək
26.01.2017 11:31
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “Azərbaycan tarixi” üçcildliyi nəşr ediləcək

Yanvarın 25-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda institutun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, bu elmi müəssisədə üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi” və “Şəki tarixi” kitabları çap olunacaq.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqətin tarixi torpaqlarımızın tədqiqinə yönəldiləcəyini bildirib. Qeyd edib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. İndiki Ermənistan Respublikasının ərazisi 1918-ci ilədək Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.

Bildirilib ki, Tarix İnstitutu ilə Avstriya, Polşa, Pakistan və digər ölkələrin elmi müəssisələri ilə əməkdaşlığın qurulması planlaşdırılır.

Y.Mahmudov qeyd edib ki, bu ilin aprelində türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş 4-cü beynəlxalq elmi konfrans keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlər iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq.

İnstitutun direktoru, həmçinin bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qaldığını diqqətə çatdırıb. Alim bildirib ki, institutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları bu məsələ ilə bağlı mətbuatda kəskin etirazını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: