Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb
27.01.2017 15:58
  • A-
  • A
  • A+

AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elmi-texniki əməkdaşlığa dair beşillik müqavilə imzalanıb.

Müqaviləyə əsasən iki müəssisənin əməkdaşları arasında tədris və elmi-texniki işlər sahəsində geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində təhsildə fərqlənən tələbələrin institutda aparılan elmi-tədqiqat işlərinə cəlb edilmələri və gələcəkdə həmin elmi müəssisədə işlə təmin olunmaları da həyata keçiriləcək.

Radiasiya Problemləri İnstitutunun bir sıra sahələri üzrə peşəkar kadr yetişdirən AzTU ilə bu elm müəssisəsinin birgə layihələrinin işlənməsi və nəticələrin istehsalatda tətbiqi, keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmini, müştərək elmi-tədqiqat işlərinin aparılması, seminarların təşkili və digər bu kimi məsələlər də müqavilədə əksini tapıb.

AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov imzalanan müqavilənin əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsində əqli mülkiyyətin geniş istifadəsini, xüsusilə istehsalata tətbiqini nəzərdə tutan mühüm müddəalar yer alıb. Bu müddəalardan irəli gələrək praktik imkanların genişləndirilməsi mümkünləşəcək və bu da əməkdaşlığın daha səmərəli olmasına zəmin yaradacaq.

Radiasiya Problemləri İnstitutunun direktoru, professor Oqtay Səmədov da imzalanan müqavilənin mümkün imkanlarından danışıb. Alim bildirib ki, rəhbərlik etdiyi institutun bir sıra mühüm sahələrində AzTU məzunları çalışırlar. O, imzalanan müqavilənin universitetin bu institutda çalışan və Azərbaycan elminə töhfə verən məzunlarının sayını artıracağına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: