www.science.az
01.02.2017 11:14

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Yanvarın 31-də AMEA-nın Fəlsəfə İnstitutunda tanınmış filosof alim, fəlsəfə üzrə fəlsəfə doktoru Solmaz Rzaquluzadənin 85 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib. 

Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, məhsuldar yaradıcılıq yolu keçmiş Solmaz Rzaquluzadənin tədqiqatlarında fəlsəfə tarixinin bəzi aktual problemləri ətraflı tədqiq olunub.

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova S.Rzaquluzadənin Azərbaycan elminə verdiyi töhfələrdən, fəlsəfə sahəsinin inkişafında əvəzsiz rolundan danışıb, onun zəngin irsinin uzun illər boyu tədqiq ediləcəyini vurğulayıb. N.Axundova bu kimi yubiley tədbirlərin keçirilməsini ömrünü elmə həsr edən alimlərə verilən dəyər kimi qiymətləndirib.

Tədbirdə çıxış edən f.ü.e.d., professor Zümrüd Quluzadə Solmaz Rzaquluzadəni gənclik illərindən tanıdığını söyləyərək onun müsbət cəhətlərindən söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüb. Z.Quluzadə alimin həyat yolunun gənc filosoflar üçün örnək olduğunu diqqətə çatdırıb.

Konfransda professor İzzət Rüstəmov, f.ü.e.d. Rəfiqə Əzimova, f.ü.e.d. Arzu Hacıyeva, gənc alim Zaur Rəşidov müxtəlif mövzularda məruzələrlə çıxış edərək S.Rzaquluzadəni təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda alimin ailəsi adından çıxış edən qızı Fidan Hacıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.