Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli ruhlu sənətkar
08.02.2017 09:29
  • A-
  • A
  • A+

Milli ruhlu sənətkar

Görkəmli nasir, şair, dramaturq, tərcüməçi və publisist Vidadi Babanlı yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. Və yetmiş ilə qədərdir ki, Azərbaycan ədəbiyyatını istedadla, sənətkarlıqla, eyni zamanda, aktual mövzularda yazılmış əsərlərlə zənginləşdirir. Vidadi Şıxlı imzası ilə dərc etdirdiyi ilk qələm təcrübəsi olan şeirlərdən sonra çıxan “Gəlin” (1954), “Tanışlarım və dostlarım” (1961), “Ayazlı gecələr” (1961), “Həyat bizi sınayır” (1964) kitabları göstərdi ki, Vidadi Babanlının şəxsində ədəbiyyata qüdrətli, milli ruhlu bir nasir gəlir...

Yazıçının müasir Azərbaycan nəsrinin şah əsərlərindən olan “Vicdan susanda” romanının ilk fəsillərinin nəşrindən (“Azərbaycan” jurnalı, 1965, № 8, 9) yarım əsri ötən kifayət qədər uzun bir dövr keçir. Və bu dövr ərzində həm dünyada, həm də yazıçının vətənində çox böyük tarixi hadisələr baş verib, insan münasibətlərində, ümumən ictimai həyatda ciddi təbəddülatlar yaşanıb, problemlər meydana çıxıb, uğurlar qazanılıb, itkilər verilib... Ancaq əsl ədəbiyyat öz əxlaqi-mənəvi missiyasını yüz illər boyu necə vardısa o cür qoruyub saxlaya, hətta daha da gücləndirə bilib ki, bunun ən səciyyəvi göstəricilərindən biri “Vicdan susanda”nın İsmayıl Şıxlının “Dəli Kür”ü, İsa Muğannanın “İdeal”ı ... kimi get-gedə Azərbaycan ədəbiyyatının klassik hadisəsi olaraq dərk edilməsidir. 

Sual olunur: “Vicdan susanda”ya ictimai şüurda böyük nüfuz qazandıran, romanın adının belə simvollaşmasına səbəb olan amillər nədən ibarətdir? Necə oldu ki, bu əsər müəllifin həm əvvəlki, həm də sonrakı əsərlərindən daha geniş yayılaraq ürəklərə yol tapa, beyinləri “zəbt edə” bildi?..

Bu suallara cavab tapmaq üçün ilk dəfə yetmişinci illərdə tanış olduğum romanı bu günlərdə bir daha diqqətlə oxudum. Və gördüm ki, “Vicdan susanda” qarşısında bizim ədəbi-tənqidi təfəkkürün borcu çox imiş... Düşünmürəm ki, bu yazı ilə həmin borcu qaytarmaq iddiasındayam, ancaq gec də olsa, müəyyən məqamlar üzərində ən azı, polemika açmaq, müəllifin bu gün də aktual olan ideya-estetik mövqeyinə diqqəti cəlb etmək, yəqin ki, faydasız olmazdı. Və bir mühüm məsələ də var ki, peşəkar münasibətin lazımi qiymətini almasa da, “Vicdan susanda” həm Azərbaycanda, həm də onun sərhədlərindən kənarda həmişə oxucu marağının mərkəzində olmaqla öz uğurlu taleyini yaşayıb, zəngin ictimai “tərcümeyi-hal”ını yaradıb. Odur ki, dövrümüzün ədəbi-ictimai fikri romana yalnız müəllif mətninin çərçivəsində deyil, həm də ona çoxspektrli (və neçə on illər davam etmiş ciddi) marağın paradiqmasından baxa bilər.

Fikrimcə, əsərin uğur qazanmasının ən böyük səbəbi o olmuşdur ki, müəllif nə qədər acı olursa-olsun, həqiqəti deməyə var gücü ilə çalışmışdır. Bunun üçünsə ən azı, üç şərt tələb olunur: 1) həqiqətin nədən ibarət olduğunu aydın təsəvvür eləmək; 2) onu demək üçün müəyyən “müəlliflik hüququ”na (və nüfuzuna!) malik olmaq və 3) müəllifi olduğun həqiqəti labüd məhrumiyyətlər bahasına sonacan müdafiə etmək.

Vidadi Babanlı hər üç şərtə ən yüksək səviyyədə əməl etdi. Haqqında əsər yazacağı mövzunu - elmi tədqiqat institutunun həyatını, orada cərəyan edən prosesləri, münasibətləri dərindən öyrəndi, gizli qatlara nüfuz etdi, insan xarakterlərinin geniş mənzərəsini uzun zaman müşahidə elədi... Hər bir xarakterin (və münasibətin) tərcümeyi-halının ən intim süxurlarına qədər vardı, hər kəsin həqiqətini zədələmədən, müəllif iradəsinə tabe etmədən öyrənəndən sonra ümumiləşdirmə apardı, ümumi həqiqəti və ya ümumən həqiqəti ortaya çıxardı. Yazıçının həqiqət axtarışı metodu ona görə kifayət qədər dəqiq idi ki, müxtəlif nəsillər, müxtəlif dünyagörüşlü insanlar elmə müxtəlif əxlaqi-mənəvi “zaman” və “məkan”lardan gəlmişdilər, onların həqiqət barəsindəki düşüncələri də, təbii ki, çox-çox fərqli idi. Söhrab Günəşlinin istedadı ilə yanaşı mütəvaze dözümü, Bəşir Bədirbəylinin istedadsızlığı ilə yanaşı təkəbbürlü dözümsüzlüyü, yaxud Vüqarın dərin biliyi ilə yanaşı həyat təcrübəsizliyi, Cövdətin o qədər də dərin biliyinin olmaması ilə yanaşı, böyük həyat təcrübəsi, yaxud da Mərhəmət xanımın heç bir abır-həya çərçivəsinə sığmayan “mübarizliyi”, Ziyanın eyni dərəcədə simasız (əslində, öz-özlüyündə unikal “sima”ya çevrilmiş) mənəviyyatı... eyni həqiqətə əsaslana bilməzdi. Bir məsələ bu müxtəlif həqiqətləri bütün fərdi-induktiv təbiətlərilə obyektiv aşkarlamaq, digəri (və yəqin ki, daha çətini) isə ümumən həqiqəti modelləşdirmək, onun (həqiqətin) obrazını yaratmaq idi. Birinci halda müəllif hər cür yaradıcılıq zəhmətinə qatlaşaraq, əsərin yazıldığı dövr üçün hakim olan sosializm realizminin mövcud prinsiplərindən, demək olar ki, son həddə qədər imtina etməyə çalışmaqla (bu həm də rahat yoldan imtina idi), mövzu ilə bağlı mümkün qədər çox xarakter-portret təqdim edir ki, onun nəticələri daha obyektiv olsun... İkinci halda isə yazıçı həqiqətlər əsasında ümumən həqiqəti (əsl həqiqəti!) modelləşdirmək üçün optimal meyar müəyyənləşdirir ki, bu da insanın (xüsusilə elm adamının!) sözün həm dar (fiziki), həm də geniş (mənəvi-metafiziki) mənasında ekologiyaya nə dərəcədə sədaqətlə xidmət etməsindən ibarətdir. Fərq etməz, cəmiyyətdə hansı mövqeyi tutmasından asılı olmayaraq, professor Söhrab Günəşli də, aspirant Vüqar Şəmsizadə də (onun soyadı müəllif tərəfindən düşünülmüş maraqlı rəmzdir, Vüqarın Söhrab Günəşlinin davamçısı, mənəvi övladı olduğuna işarədir), kənd aqronomu Cövdət də, adi neftçilər Ağarıza ilə Şahmalı da, yad uşağını öz doğma oğlundan ayırmayan Şahsənəm də, kirayənişinlərinə analıq edən Cənnət də, şıltaq laborant Narın da hərə öz “üslub”unda ekoloji harmoniyaya necə xidmət edirlərsə, professor Bəşir Bədirbəyli ilə özünü alimlər cərgəsinə salmış Ziya da, qurulmaqda olan ailəni dağıdıb hər cür hiylə ilə Söhrab Günəşlinin arvadı olmuş Mərhəmətlə onun qızını ələ keçirib xoşbəxt olmaq istəyən İsmət də eynilə hər biri öz “üslub”unda həmin harmoniyanı eyni “müvəffəqiyyətlə” pozmağa can atırlar. Və maraqlıdır (nə qədər paradoksal görünsə də, həm də təbiidir) ki, həm bu, həm də digər tərəfin müəyyən əsasları var: ekoloji harmoniyanı pozanın işlərinin düz gətirdiyi məqamlar az olmadığı kimi, harmoniya yaradanın da başına az iş gəlmir... Ancaq heç bir şəxsi uğur, yaxud uğursuzluqdan, hətta siyasi-ideoloji trafaretdən asılı olmayaraq bir vicdan (həqiqət!) var ki, yazıçı onu xüsusilə əsərin qələmə alındığı dövr üçün nəinki səciyyəvi olmayacaq, eləcə də qəhrəmanlıq sayılacaq bir cəsarətlə tərənnüm edir.

Vidadi Babanlı “Vicdan susanda”nı ədəbi ictimaiyyətə təqdim eləyəndə hələ çox da böyük şöhrət sahibi deyildi, ancaq müəyyən yazıçı nüfuzu vardı. Və bu nüfuz belə bir qeyri-adi əsərin müdafiəsində dayanmağa, yəqin ki, o qədər də kifayət eləməzdi. Lakin təbiətən mübariz, iradəli, əqidəsinə sadiq, hətta, özü demiş, bir az da cod “kəndçi balası” təcrübəli “ədəbiyyat generalları” ilə döyüşə hazır idi. Və hərdən mənə elə gəlir ki, Vüqar Şəmsizadə obrazında müəllifin bu illərdə keçirdiyi hiss-həyəcanlar, əzablar, eləcə də yaradıcılıq uğurlarından irəli gələn daxili qürur da bu və ya digər dərəcədə, ola bilsin ki, təhtəlşüur bir inersiya ilə əks olunmuşdur.

Romanın ilk fəsilləri “Azərbaycan” jurnalında çap edildikdən sonra “ədəbiyyat generalları”ndan biri əsərdə (və müəllifin dünyagörüşündə) antisovetizm meyilləri tapıb çapını dayandırdı. Və bundan sonra müəllif “öz həqiqəti” uğrunda qeyri-bərabər döyüşlərə başladı... Məsələ burasında idi ki, Vidadi Babanlı “kəndçi balası” olsa da, həm Bakıda, həm də Moskvada kifayət qədər müasir ədəbi-ideoloji məktəb keçmiş, 50-ci illərin ortalarından etibarən dünya ədəbiyyatında gedən təbəddülatları, yeniləşmə prosesinin təbiətini yaxşı öyrənmişdi. Və bilirdi ki, “Vicdan susanda”ya qarşı çıxan qüvvələr nə qədər nüfuzlu olsalar da, baş verən yeniliklərdən, ədəbi həyatın bugünkü çağırışlarından ya bixəbərdirlər, ya da bunu qəbul eləmək istəmirlər... Ancaq bir məsələ də vardı ki, müəllifin rəqibləri hələ çox güclü olan sosialist-kommunist ideologiyasına əsaslandıqlarına, müəllif isə romanının antisovet olmadığını sübut etməyə çətinlik çəkdiyinə görə, əsərin nəşri çox ciddi problemə çevrildi. Yalnız bir neçə ildən sonra (bu bir neçə ilin yazıçı üçün nələr bahasına başa gəldiyini təsəvvür etmək, elə bilirəm ki, çətin deyil) roman nəşr olundu. 1970-ci ildə birinci, 1976-cı ildə isə ikinci kitab ... Həm Bakıda, həm də Moskvada... Ardınca isə böyük tirajlarla yeni nəşrləri, tərcümələri meydana çıxdı. Həm Azərbaycanda, həm sovetlər birliyində, həm də dünyada romanın milyonlarla oxucuları oldu ki, onların bir çoxunun müəllifə yazdıqları (və məzmunca heç bir sosialist trafaretinə sığmayan) məktublar göstərdi ki, böyük ədəbiyyatın (və həqiqətin!) qarşısını almağa heç bir qüvvə, nə qədər aqressiv olursa-olsun, qadir deyil.

“Vicdan susanda” romanı öz “tərcümeyi-hal”ını belə yaratdı... Ondan sonra da yazıçının xeyli dəyərli əsərləri nəşr edildi: “Müqəddəs ocaq” (1983), “İnsaf nənə” (1985), “Ömürlük cəza” (1990), “Ana intiqamı” (1994), “Zəmanə adamı” (2010)... Bu əsərlərin hər biri görkəmli yazıçının istedadının, zəngin dünyagörüşünün, xüsusilə aydın görünən humanizminin məhsuludur. 

Mən bu əsərlərin çoxu barəsində ayrıca məqalələr yazıb çap etdirdiyimə görə, hər biri haqqında xüsusi bəhs etmək fikrində deyiləm, yalnız ümumi olaraq onu demək istəyirəm ki, Vidadi Babanlının istər 70-ci, 80-ci illərdə, istərsə də müstəqillik illərində qələmə aldığı əsərləri dövrün, zamanın ən ağrılı, cəmiyyəti ən çox düşündürən problemlərinə həsr olunmuşdur. Və ustalıqla yazılmış həmin əsərlərin də qəhrəmanı həyatın müxtəlif təzyiqləri qarşısında öz daxili aləmini bütün miqyası ilə nümayiş etdirməklə yaşadığı dövrün “Tərcümeyi-hal”ını tarixləşdirən İnsandır.

Artıq qeyd etdiyimiz kimi, Vidadi Babanlı yaradıcılığa şeirlə başlamışdı. 90-cı illərdən nəsrlə yanaşı, poeziyaya da xüsusi maraq göstərməsi müşahidə olunur ki, buna da təbii baxmaq lazımdır. Hər şeydən əvvəl, ona görə zaman emosiya, hisslərin tüğyanı zamanı idi...

Onun şeirləri ənənəvi formalarda olsa da, məzmunca orijinal, müasir və rəngarəngdir. İctimai-siyasi mövzulara xüsusi həssaslıq göstərən şair cəmiyyətdə baş verən proseslərin “anatomiya”sına varmağa çalışır, insan-cəmiyyət - dövlət münasibətlərini təhlil edir, böyük sələflərinin yüz illər boyu haqq-ədalət uğrunda apardıqları mübarizəyə öz sənətkar - mütəfəkkir töhfəsini verir. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində qələmə aldığı “La ilahə illəllah!” şeirində deyir:

Açılır nisgillə hər səhərimiz,

Bir şaqraq gülüşə yox təhərimiz,

Çıxıb ovsanatdan bar-bəhərimiz,

Xainlər felindən xəcildi millət,

Əzildi, sarsıldı, kiçildi millət.

Budurmu ədalət, ey ulu Allah?

La ilahə illəllah!

Vidadi Babanlı Azərbaycan üçün tale əhəmiyyətli həmin illərdə özünün “Kişilik haqqında söz”ünü dedi - “Kişilik himni”ni yazdı:

Əməlində saleh, sözünə bütöy,

Bir az sərt, bir az cod, bir az da köntöy

Kişilər lazımdır xalqa, kişilər,

Qəhr olsun boğaza xalta kişilər!

Ümumiyyətlə, Vidadi Babanlının 90-cı illərin əvvəllərində yazdığı “Var ol, vətən!”, “Sağ-salamat qayıdın!”, “Qırmızı qəbirlər”, “Nə ad verim bu dünyaya?”, “İnşallah”, “Haqq məhkəməsi” və s. kimi şeirlərində zamanın ictimai-siyasi əhvali-ruhiyyəsi, güclü vətənpərvərlik duyğuları öz geniş əksini tapır. Və fikrimizcə, “İstiqlal nəğməsi” (1995) şairin bu dövr yaradıcılığının yekunudur:

Sən ülvi diləyisən Yer üzündə ellərin,

Əziz sözü, əzbərisən ləhcələrin, dillərin.

Boylanıbsan arxasından həsrət dolu illərin,

Sən, ey idealım İstiqlal!

Arzum-amalım İstiqlal!

Xalqın azadlıq, müstəqillik hisslərinin tərənnümü olan, istiqlalçı bir şairin ruhunun dərinliyindən gələn bu şeir, əslində, sadəcə nəğmə yox, himn-nəğmədir:

Məşəl tutdu haqq yoluna haqsızlıqdan bezarlar,

Qorxutmadı o mərdləri dar zindanlar, məzarlar.

Fəraqına can çürütdü neçə-neçə yazarlar,

Ahım-məlalım, İstiqlal!

Candan bahalım, İstiqlal!

Vidadi Babanlının, demək olar ki, bütün şeirlərində onun öz obrazı var, ya xırda ştrixlərdə, ya da bütöv görüntüsü ilə...

Yoxdur bir kimsədən giley-güzarı,

Yazıb-yaratmaqdır dərdi-azarı.

Gördü ki, tükənir şeirin bazarı,

Sınadı bəxtini romanlarda o, -

misraları ilə başladığı “Avtoportret”ini belə davam etdirir:

Dilinə ömründə yalan gəlmədi,

Yaltaqlıq eləyib üzə gülmədi,

Asan yaşamağı şərəf bilmədi,

İşıqlı yol seçdi dumanlarda o.

Şairin “Gəl”, “Dağ yolları”, “Yaylaq gecəsi”, “Səhrada”, “Gəl, ay bahar”, “Mənzərə”, “Bir maral mələyir”, “Payız”, “Göygöl həsrəti”, “Təbiət qoynunda”, “Qış gəzintisi” kimi şeirlərində təbiətin yazı, yayı, payızı, qışı; gecəsi-gündüzü, istisi-soyuğu öz əksini tapır...

Və Vidadi Babanlı təbiət şairi olduğu qədər də məhəbbət şairidir. Çox gənc yaşlarından başlayaraq yazdığı məhəbbət şeirlərində olduqca orijinal, özünəməxsus məqamlar var:

Bir şirin ülfətin, duzlu söhbətin,

Doyumsuz, dözümsüz tamarzısıyam.

Qəlbimi yüz yerdən sökür möhnətin,

Ölmürəm, dünyanın ən arsızıyam.

Və yaxud:

Mən səni sevirəm qüdsiyyət ilə,

Rəbbim mələkləri sevdiyi kimi...

Aşıq poeziyasından, məhəbbət şairi Molla Pənah Vaqifdən gələn intonasiya, ifadə texnologiyaları Vidadi Babanlının məhəbbət lirikasının əsas qaynağı olsa da, tərcümeyi-hal konkretliyi ön plandadır - bugünün şairinin haqqı var ki, öz hisslərini şair babalarının dili, üslubu ilə izhar etsin, “köhnə” sevgilərə yeni enerji gətirsin...

Və nəhayət, Vidadi Babanlının poeziyasında bir qocalıq motivi də mövcuddur ki, bu, məhəbbət lirikasında özünü daha qabarıq göstərir:

...Babanlı, qocasan, daha dinc dolan,

Ömrün sevdalarda çürüyüb gedir.

Yaxud:

...Məni dirigözlü öldürür bu qız,

Hardasan, ay gənclik, yetiş dadıma.

Vidadi Babanlı ədəbiyyatda nasir kimi daha məşhur olsa da, nəsrindən heç də geri qalmayan, təsirli bir poeziyası da var... Varlığa məhəbbətlə dolu bir poeziyası...

Nizami Cəfərov, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 7 fevral 2017-ci il

  • Paylaş: